Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Dünyada düyünün qiyməti son 15 ilin ən yüksək səviyyəsinə qalxıb. Tailand ağ düyüsünün qiyməti artaraq bir ton üçün 659 dollara çatıb. Sonuncu dəfə belə göstərici isə 2008-ci ilin oktyabr ayında qeydə alınıb.
Banco.az xəbər verir ki, ekspertlər bildirir ki, düyünün qiymətinin yüksəlməsinə səbəb hava şəraiti ilə bağlıdır. Belə ki, anomal hava Hindistanda məhsulun tədarükü baxımından ciddi problemlər yaradıb.
Bu vəziyyətin Azərbaycana təsirləri barədə iqtisadçı Eyyub Kərimli Banco.az-a açıqlama verib. Ekspert hesab edir ki, 2024-cü ildə düyü bahalaşa bilər:
“Ölkəmizə Hindistan və digər ölkələrdən düyü idxalı 70 faizdən çox təşkil edir. Amma qeyd edim ki, gələn ildən Azərbaycana Pakistandan idxal olunacaq düyüyə 15 faiz gömrük rüsumlarında güzəşt tətbiq ediləcəkdir. Bu da qiymətlərin sabitləşməsinə müsbət təsir göstərəcək.
Ümumiyyətlə, düyü bazarı hazırda volatillik nümayiş etdirir. Hindistan düyü ixracatına müəyyən məhdudiyyətlər qoyub. Bazarda qiymətlərin artımı düyü istehsalçılarının davranışından asılı olacaqdır. Hesab edirəm ki, elə bir əhəmiyyətli kəskin dəyişikliklər baş verməyəcəkdir”.
Hazırda qiymət artımını spekulyativ səbəblərlə əlaqələndirən ekspert bildirdi ki, dünyada ümumi düyü istehsalı azalmayıb:
“Hava şəraiti ilə bağlı bəzi ölkələrdə müəyyən azalma müşahidə olunsa da, bu ciddi sayılmayacaq həddədir. Dünyada hazırda düyü qiymətlərində olan artım 5-10 faiz civarındadır.
Qiymətlərin artması ölkəmizdə də düyü satışına müəyyən formada təsir edəcək. Xatırladım ki, Azərbaycanda yerli düyü istehsalı üçün şərait yaxşılaşdırılmaqdadır. Bu istiqamətdə fermerlərə subsidiyalar verilir, çəltik istehsalı sahələri genişləndirilir. Düşünürəm ki, bu sahədə olan mövcud inkişaf dünyada baş verən həmin təsirləri dekompensasiya etməyə dəstək olacaqdır”.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə ölkəmizə idxal olunan düyünün 74,8%-i Hindistanın, 11,5%-i Qazaxıstanın, 8,3%-i Rusiyanın, 2,4%-i Tailandın, 2,1%-i Pakistanın, 0,9%-i isə digər ölkələrin payına düşüb.
2022-ci ildə çəltik istehsalı 2015-ci ilə nisbətən dörd dəfə, 2021-ci ilə nisbətən isə 8,4% artaraq, 11,6 min ton olub.Ötən ildə çəltik istehsalının 24,4%-i Lənkəran, 19,7%-i Ağdaş, 19,1%-i Ucar, 12,2%-i Göyçay, 24,6%-i isə digər rayonlarının payına düşüb.2022-ci ildə Göyçay rayonunda məhsuldarlıq göstəricisi ölkə üzrə orta göstəricidən yüksək olub. Ötən ildə Azərbaycana düyü idxalı əvvəlki ilə nisbətən 7,4% artaraq 50,2 min ton olub.
Dövlət Gömrük Komitəsinin aylıq hesabatına əsasən 2023-cü ilin ilk 10 ayı ərzində (yanvar-oktyabr) Azərbaycana 43 milyon 102 min dollar dəyərində 47 min 674 ton düyü idxal olunub.
Qeyd edək ki, yanvar-sentyabr aylarında bu rəqəm 41 milyon 71,16 min dollar dəyərində 45 min 645,57 ton olub.