Dünyanın ən quraq səhrasında qeyri-adi görüntü | Banco.az

Dünyanın ən quraq səhrasında qeyri-adi görüntü

Müəllif:Mehin Qasımova,Banco.az

Dünyanın ən quraq səhrası olan Atakamada yağışdan sonra çiçəklər açıb.

Banco.az xəbər verir ki, Atakama səhrası Çilinin şimalındakı Kopiao şəhərində yerləşir.

Qərbdə Sakit Okean, şimalda Peru, şərqdə Boliviya və Argentina yerləşir.

Bu səhra And dağlarının yağış kölgəsində yerləşdiyi üçün şərqdən əsən küləklər demək olar ki, heç bir yağıntı gətirmir. Sakit okean sahillərinə təsir edən soyuq Humboldt cərəyanı da yağış buludlarının əmələ gəlməsinin qarşısını alır, buna görə də bölgə həm şimal, həm də cənubdakı ərazilərə nisbətən əhəmiyyətli dərəcədə az yağıntı alır.

Bununla belə, El Ninyonun təsiri ilə qeyri-adi güclü yağışlar hər 6-10 ildən bir baş verə bilər.

El-Ninyo Sakit Okeanın mərkəzi və şərq ekvatorunda qeyri-adi isti sular səbəbindən yaranır. Bu, bəzi yerlərdə həddindən artıq quraqlıq və ciddi su çatışmazlığı, dünyanın digər yerlərində isə güclü yağış və daşqınlar yaradır.

Bu dövrlərdə Atakama qısa müddətə canlanır.