Dünyanın ən böyük 10 fond birjası | Banco.az

Dünyanın ən böyük 10 fond birjası

Müəllif:Mehin Qasımova,Banco.az

Qlobal fond bazarları 2025-ci ildə tarixi göstəriciyə çatıb. Dünya üzrə fond birjalarının ümumi bazar kapitallaşması əvvəlki illə müqayisədə 25 trilyon dollardan çox artaraq 157,8 trilyon dollara yüksəlib.

Banco.az xəbər verir ki, Dünya Birjaları Federasiyasının məlumatlarına əsaslanan araşdırmaya görə, qlobal fond bazarının təxminən yarısı yalnız bir ölkənin – ABŞ-ın fond birjalarında cəmlənib. ABŞ-ın fond bazarının ümumi kapitallaşması 68,9 trilyon dollar təşkil edib və ölkə dünyanın ən böyük fond bazarına sahib olaraq qalır. 

Nyu-York Fond Birjası və Nasdaq ABŞ-da ən böyük açıq səhmdar şirkətlərinin səhmlərinin ticarət edildiyi iki əsas fond birjasıdır. ABŞ-ın qlobal fond bazarındakı çəkisi son illərdə əhəmiyyətli dərəcədə artıb.

ABŞ fond bazarının bu sürətli yüksəlişində Apple, Alphabet və Nvidia kimi iri texnologiya şirkətlərinin səhmlərinin güclü performansı mühüm rol oynayıb. “Möhtəşəm Yeddilik” kimi tanınan böyük texnologiya şirkətləri ABŞ fond bazarlarının qlobal çəkisinin artmasına əsas töhfə verən amillərdən biri olub.

2025-ci ilin sonuna olan göstəricilərə əsasən, dünyanın ən böyük fond bazarı 68,9 trilyon dollarlıq kapitallaşma ilə ABŞ olub. Çin və Avropa Birliyi 15,5 trilyon dollarlıq göstərici ilə ikinci yeri bölüşüb. Hindistan 10,6 trilyon dollarla dördüncü, Yaponiya 7,6 trilyon dollarla beşinci, Honq Konq 6,1 trilyon dollarla altıncı, Birləşmiş Krallıq 5,6 trilyon dollarla yeddinci, Kanada 4,6 trilyon dollarla səkkizinci, Avstraliya 2 trilyon dollarla doqquzuncu, Sinqapur isə 0,8 trilyon dollarla onuncu yerdə qərarlaşıb.

Siyahıya daxil edilməyən digər inkişaf etmiş bazarların ümumi bazar kapitallaşması 13,6 trilyon dollar, digər inkişaf etməkdə olan bazarların ümumi həcmi isə 6,9 trilyon dollar təşkil edib. Bütün bazarların ümumi kapitallaşması 157,8 trilyon dollar səviyyəsində hesablanıb.

Araşdırmanın nəticələri göstərir ki, son illərdə, xüsusilə texnologiya şirkətlərinin sürətli yüksəlişi fonunda qlobal kapitalın daha böyük hissəsi ABŞ fond bazarlarında cəmləşib. 2012-ci ildə ABŞ-ın qlobal bazar dəyərindəki payı təxminən üçdə bir olduğu halda, 2025-ci ilin sonuna qədər bu göstərici 44 faizə yüksəlib. Bu dəyişiklik ABŞ fond bazarlarının qlobal maliyyə sistemindəki çəkisinin son illərdə əhəmiyyətli dərəcədə artdığını göstərir.