Müəllif:Ayşən İmanova/Banco.az
Dünyanın ən böyük yarımkeçirici istehsalçıları smartfon və elektrik avtomobillərinə tələbatın azalması səbəbindən investisiyaları ilkin planlardan aşağı salıblar.
Banco.az xəbər verir ki, bu barədə Yaponiyanın aparıcı biznes qəzeti "Nikkei" məlumat yayıb.
Məlumata görə, 10 aparıcı qlobal istehsalçı 2024-cü ildə investisiya planlarına düzəlişlər edərək, investisiyaların ümumi həcmini əvvəlki illə müqayisədə 2% azaldaraq 123,3 milyard dollara çatdırıb. Bu, 2024-cü ilin may ayında 6% artım nəzərdə tutan planlardan 9,5 milyard dollar azdır.
Müşahidəçilər qeyd edirlər ki, buna səbəb koronavirus pandemiyası zamanı pik həddə yüksəldikdən sonra smartfon və digər cihazlara tələbin kəskin azalması, eləcə də Çin iqtisadiyyatının artım tempinin yavaşlaması olub.
Tələbin ümumiyyətlə 2024-cü ildə bərpa olunacağı gözlənilirdi, lakin süni intellekt istisna olmaqla əksər sənayelər zəif tələbat nümayiş etdirib. Bundan əlavə, elektrikli avtomobillər üçün yarımkeçiricilər sahəsinə də investisiyalar azalır, çünki Avropa və ABŞ-də onlara tələbat yüksək deyil.