Tamara Mustafayeva, Banco.az
"Gallup" adlı beynəlxalq araşdırma şirkətinin həyata keçirdiyi anketin nəticələrinə görə, dünya miqyasında hər iki nəfərdən biri koronavirus pandemiyası səbəbindən gəlir itkisinə məruz qalıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, aparılan yeni araşdırmalardan birinə görə, dünyadakı hər iki nəfərdən biri pandemiyanın səbəb olduğu işsizlik və ya iş saatlarının azalması səbəbindən gəlir itkisi ilə üzləşib.
117 ölkədə 300 min nəfərin iştirakı ilə həyata keçirilən anket sorğusu insanların əksəriyyətinin hətta iş yerlərini itirməsələr belə gəlirlərində azalma olduğunu ortaya çıxarıb. Araşdırmaçılar bildirib ki, dünya miqyasında sözügedən azalma üzrə faiz nisbəti Taylandda 76%-dən İsveçdə 10%-ə qədər dəyişir.
Boliviya, Myanma, Keniya, Uqanda, İndoneziya, Honduras və Ekvadorda anket sorğusunda iştirak edənlərin 70%-dən çoxu pandemiyadan əvvəlki dövrə nəzərən gəlirlərinin azaldığını qeyd ediblər. ABŞ-da isə bu göstərici 34% təşkil edib.
Xatırladaq ki, koronavirus pandemiyası pərakəndə, turizm və iaşə sektorunda çalışan qadınlara daha əsaslı təsir göstərib. Belə ki, "Oxfam" tərəfindən ötən həftə həyata keçirilən bir araşdırmada pandemiyanın dünya miqyasında qadınlara 800 milyard dollar həcmində gəlir itkisi yaşatdığı qeyd edilib.
Hindistan, Zimbabve, Filippin, Keniya, Banqladeş, Salvador daxil olmaqla 57 ölkədə anketdə iştirak edənlərin 65%-dən çoxu bir müddətdir ki, işləməkdilərini söyləyiblər.
Bizi sosial şəbəkələrdən izləyin!!