Dünyada fərqli illərdə tətbiq olunan qəribə vergi növləri | Banco.az

Dünyada fərqli illərdə tətbiq olunan qəribə vergi növləri

Aida İsaq, Banco.az

Vergi - qanuni formada dövlətin vətəndaşlardan birbaşa və ya dolayısı ilə müəyyən mal və xidmətlərin qiymətlərinə əlavələr etməklə ictimai xidmətlər üçün toplanılan maddi vəsait kimi başa düşülür. Xidmətlərin davamlılığı üçün vergilər hər zaman zəruridir. Ancaq tarix boyu bəzi vergi növlərinin mövcud olduğuna təəccüblənməmək mümkünsüzdür. Gəlin, nəzər yetirək:

  • Qədim Misir - Yemək yağı vergisi

Qədim Misirdə yemək bişirmək üçün istifadə olunan yağ vergiyə cəlb olunurdu. Beləliklə insanlar yemək yağını fironun satıcısından almalı idilər. Bundan başqa onlara əvvəllər alınan yağdan təkrar istifadə etmək qadağan idi.

  • Qədim Roma - Azadlıq vergisi

Qədim Romada qullar müəyyən bir müddət çalışdıqdan sonra və ya pul ödənilməsi qarşılığında sahibləri tərəfindən azad buraxılmaq şansı əldə edirdilər. Qullar bu haqqı asanlqla ödəyə bilirdi. Çünki bir çoxlarının bir neçə yerdə işləməsi üçün şərait yetərincə var idi. Bunu görən Roma hökuməti azad edilmiş quldan azadlığına görə vergi ödəməsini tələb etməyə başladı.

  • Rusiya - Saqqal vergisi

1698-ci ildə Rusiya imperatoru I Peter Rusiya cəmiyyətini Qərbi Avropa modellərinə uyğunlaşdırmaq üçün saqqal vergisi tətbiq etdi. Sözü gedən qadağanı tətbiq etmək üçün çar polisə vergi verməkdən imtina edənləri məcburi formada təraş etmək icazəsini vermişdi.

  • Fransa - Duz vergisi

Fransadakı Gabelle vergi növü əvvəlcə kətan, buğda, ədviyyat, şərab kimi kənd təsərrüfatı və sənaye məhsullarına  tətbiq edilən vergi növü idi. Lakin, 14-cü əsrdən etibarən gabelle yalnız duza vergi qoymaqla məhdudlaşdı. Gabellenin yüksək nisbətdə olması və qeyri-bərabər paylanması, duz ticarəti edən qaçaqmalçıların geniş yayılmasına səbəb oldu. Gabelle 1790-cı ilin martında ləğv olundu.

  • Kanada - Çin immiqrasiya vergisi

1885-ci ildə Çin immiqrantlarının Kanadaya girişini məhdudlaşdıran vergi tətbiqinə başlanıldı. Bu vergi Çin xalqının istisna hallarda Kanadaya girişini tamamilə qadağan edən qanunun 1923- cü ildə qəbuluna qədər davam etdi.

  • İngiltərə - Pəncərə vergisi

1696-cı ildə İngiltərədə evlərdə pəncərələrin sayına görə vergi toplanılmağa başladı. Nəticədə bir çox ev sahibi vergi ödəməmək üçün evlərindəki pəncərələrin sayını azaltdı. Bu isə insanların sağlamlığına böyük zərbə vurdu. 1851-ci ildə verginin yığılması dayandırıldı.

Ən sərfəli kredit üçün müraciət et

  • İngiltərə - Kərpic vergisi

1700-cü illərdə İngiltərədə kərpicə vergi tətbiq olunurdu. İnşaatçılar qısa müddətdə daha az vergi ödəmək üçün daha böyük kərpiclərdən (daha az kərpicdən) istifadənin mümkün olduğunu müəyyən etdilər. Tezliklə hökumət bunu görərək daha böyük vergi tətbiq edir. Adı çəkilən vergi 1850-ci ildə ləğv edildi.

  • Yaponiya - Viski vergisi

Yaponiya viskidəki alkoqolun faizinə görə vergi toplayan ölkə kimi xatırlanır. Buna görə Yapon viski istehsalçıları vergidən yayınmaq üçün məhsullarını su ilə qarışdırmağa başlamışdılar. Avropa viski istehsalçılarına isə bunu etmək qadağan idi. Buna görə Yapon viskisi Yaponiyada böyük üstünlüyə sahib idi.

  • İngiltərə - Şapka vergisi

İngiltərədə 1784-cü ildə papaqlara vergi tətbiq olunurdu. Bu vergidən yayınmaq üçün, papaqçılar öz yaradıcılıq məhsullarını "şapka" adlandırmağı dayandırdılar. Bunun nəticəsində 1804-cü ildə istənilən baş geyimi üçün vergi verilməsi tələb olundu. Vergi 1811-ci ildə ləğv edildi.

  • İngiltərə - Ətirli Pudra

1795-ci ildə İngiltərədə kişi və qadınların pariklərinə qoyduqları ətirli tozlardan vergi toplanılmağa başladı. Bu isə pariklərin populyarlığının qəfil azalmasına səbəb oldu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram