Müəllif: Mehin Qasımova/Banco.az
Hindistan hazırda düyü ixracına 20 faizlik tarif tətbiq edir. Hindistan düyü üçün tətbiq etdiyi ixrac rüsumunun vaxtını uzada bilər. Bu da düyünün qiymətlərinin artmasına səbəb olacaq və onun qlobal bazarlara tədarükünü məhdudlaşdıracaq.
Banco.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, tarifin uzadılması hökumətə dekabr ayında illik müqayisədə təxminən 10 faizə yüksələn ərzaq inflyasiyasını cilovlamağa kömək edəcək.
Hindistan hökumətinin məlumatına görə, 2023-cü il aprelin 1-dən 2024-cü il yanvarın 21-dək ölkədən düyü ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 29 faiz azalıb. İxrac məhdudiyyətlərinin tətbiqinə qədər bu taxıl növünün xaricə tədarükünün 30 faizini qaynadılmış düyü təşkil edirdi.
Qeyd edək ki, Hindistan 2023-cü ilin iyulunda əsas düyü sortlarının satışını məhdudlaşdırmağa başlayıb. Sonra hökumət basmati çeşidi istisna olmaqla, ağ düyü ixracına qadağa qoyub. Artıq avqust ayında, tədarükün azalması ilə bağlı artan narahatlıqlar fonunda Asiyada düyü qiymətləri son 15 ilin ən yüksək səviyyəsinə yüksəlib. Beləliklə, Tailand ağ düyüsünün birja qiymətləri bir ton üçün 648 dollara yüksəldi ki, bu da 2008-ci ilin oktyabrından bəri rekord həddir.
Bizi sosial şəbəkələrdən izləyin!!