Qərblə Rusiya arasında "sanksiya savaşı"nın fəsadları dünya iqtisadiyyatına təhlükə vəd edir.
Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına əsasən, Ukrayna və Rusiya arasında geostrateji gərginlik dünya iqtisadiyyatı üçün neqativ nəticələrə səbəb ola bilər. Bu barədə "Les Echos" qəzeti yazır. Qeyd olunur ki, BVF bu məsələlərə görə narahatdır.
"Dünya iqtisadiyyatının inkişaf perspektivi" adlı məruzəsində BVF Şərqi Avropada başlamış böhranın yayılma təhlükəsi haqda xəbərdarlıq edir. Ukrayna iqtisadiyyatı resessiyaya düşsə, Rusiya iqtisadiyyatı dayana bilər. BVF Rusiyada iqtisadi artım proqnozunu 1,3%-ə endirib.
"İqtisadi İnkişaf Hazirliyi Rusiyanın iqtisadi inkişafı ilə bağlı iki ssenari təqdim edib ki, bunlara əsasən, cari ildə iqtisadi artım gözlənilən 2,5%-dən xeyli aşağı olacaq. Büdcənin tənzimlənməsi və büdcə xərclərinin artmasını tələb edən birinci varianta əsasən, 2014-cü ildə Rusiyanın ÜDM-i 1,1% artacaq. Daha konservativ olan ikinci ssenariyə əsasən artım cəmi 0,5% olacaq", - qəzet yazır.
AB-nin iqtisadi sanksiyalarından ehtiyatlanaraq, investorlar Rusiyadan kapital çıxarışını sürətləndiriblər. Mərkəzi Bankın dərc etdiyi məlumatlara əsasən, cari ilin birinci rübündə ölkədən 50,6 milyard dollar çıxarılıb. Birbaşa xarici sərmayələrin həcmi təxminən üç dəfə azalıb: 37,1 milyard dollardan 11,9 milyard dollara düşüb. Bununla yanaşı Rusiya hakimiyyəti daha bir məyusedici varianta hazırlaşıb: hökumətin proqnozlarına görə avqustun sonuna kapital çıxarışı 65-70 milyard dollar təşkil edəcək.
Məqalədə deyilir: "BVF neft və qaz istehsalı üçün neqativ nəticələrə görə də narahatdır və bir o qədər də Moskvaya qarşı yeni sanksiyalar tətbiq ediləcəyi təqdirdə qarğıdalı və buğda idxalından narahatdır. BVF Rusiyanı öz iqtisadiyyatını diversifikasiya etməyə çağırır. Sanksiyalar sərtləşsə, Dünya Bankı ÜDM-ın 1,8%-ə kimi düşə biləcəyini proqnozlaşdırır", - qəzet vurğulayır.
ABŞ prezidenti Barak Obama isə Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar nəticəsində Rusiya iqtisadiyyatının "inkişafının dayandığını" hesab edir.
Ağ Evin təmsilçisi Laura Lukas Magnuson Rusiyanın kənd təsərrüfatı, xammal və qida məhsullarının idxalını dayandırmasını şərh edərkən deyib ki, "Qərb ölkələri və şirkətlərinə qarşı cavab tədbirləri Rusiyanın beynəlxalq təcridini gücləndirəcək və onun iqtisadiyyatına mənfi təsirini daha çox göstərəcək".
Bundan öncə Rusiya prezidenti Vladimir Putin xüsusi iqtisadi tədbirlərin tətbiqi barədə sərəncam imzalayıb.
Sərəncam Rusiyanın Ukraynadakı hadisələrlə bağlı ona qarşı sanksiya tətbiq edən ölkələrdən bir il ərzində kənd təsərrüfatı, xammal və qida məhsullarının idxalına qadağa qoyur.
Hökumətə qadağa altına düşən ərzaqların siyahısını hazırlamaq tapşırılıb.
Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidmətinin rəhbərinin köməkçisi Aleksey Alekseenko ölkəyə gətirilməsinə qadağa qoyulacaq ərzaqlarının siyahısının "maksimum geniş" olacağına işarə vurub. Dövlət məmuru xüsusilə qeyd edib ki, Rusiya Avropa İttifaqı ölkələrindən meyvə və tərəvəzlərin idxalını tamamilə qadağan etməyə hazırdır. Alekseenko, həmçinin Rusiyanın Amerikadan toyuq məhsullarının idxalını tamamilə dayandıracağını əlavə edib.
Aİ-də diplomatik mənbənin Ria Novosti Agentliyinə müsahibəsində Rusiyanın qida məhsullarına qadağa qoymasını "əsassız və faydasız" adlandırıb. Aİ qadağa tətbiq ediləcək ölkələrin siyahısı ortaya çıxandan sonra rəsmi cavabla çıxış edəcəyinə söz verib.
Belarus prezidenti Aleksandr Lukaşenko isə bildirib ki, ölkəsi Rusiyanın daxili bazarını qoruyacaq və qonşusuna sanksiyalar tətbiq edən ölkələrin mallarını RF-yə buraxmayacaq.
Belarus müttəfiq ölkə qarşısında öhdəliklərini yerinə yetirəcəyinə baxmayaraq, Rusiyaya görə öz idxalını məhdudlaşdırmayacaq. Beləliklə Belarus vətəndaşları bundan sonra da ABŞ və Aİ istehsalı olan məhsullardan istifadə edəcək.
Qeyd edək ki, Qazaxıstan rəsmiləri də bu məsələdə Rusiyanın yükünü bölüşməyə hazır olmadıqlarını bildiriblər.