Dünya milyarderləri 2025-ci ildə sərvətlərini 16% artırıblar | Banco.az

Dünya milyarderləri 2025-ci ildə sərvətlərini 16% artırıblar

Beynəlxalq humanitar təşkilat Oxfam-ın yaydığı son hesabatda dünya üzrə milyarderlərin sərvətində kəskin artım qeydə alındığı bildirilib. 

Banco.az xəbər verir ki, 2025-ci ilə qədər milyarderlərin ümumi sərvətinin 16 faiz artacağı proqnozlaşdırılır ki, bu da son beş ildəki orta illik artım tempindən üç dəfə çoxdur.

Hesabat ənənəvi olaraq İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumundan öncə dərc olunub. Oxfam-ın məlumatına əsasən, 2020-ci ildən bu yana dünya milyarderlərinin sərvəti 81 faiz artaraq 18,3 trilyon dollara çatıb.

Qeyd olunur ki, təkcə 2025-ci ilə qədər milyarderlərin sərvətində pul ifadəsində artım 2,5 trilyon dollar təşkil edib. Bu məbləğ bəşəriyyətin ən yoxsul yarısının — 4,1 milyard insanın malik olduğu ümumi aktivlərlə təxminən eynidir.

Oxfam bildirir ki, bu qədər vəsait qlobal miqyasda ifrat yoxsulluğun 26 dəfə aradan qaldırılmasına kifayət edərdi. BMT metodologiyasına əsasən, ifrat yoxsulluq 2021-ci il alıcılıq qabiliyyəti pariteti ilə adambaşına gündəlik 3 dollardan az gəlir kimi müəyyən edilir. Dünya Bankının məlumatına görə, hazırda dünya əhalisinin təxminən 10 faizi bu kateqoriyaya daxildir.

Hesabatda həmçinin qeyd olunur ki, ötən il dünya üzrə milyarderlərin sayı ilk dəfə 3000 nəfəri keçib. Eyni zamanda, İlon Mask sərvəti 500 milyard dollara çatan ilk insan kimi tarixə düşüb.

Oxfam-ın araşdırmasına görə, milyarderlərin siyasi vəzifə tutma ehtimalı orta statistik insanla müqayisədə 4000 dəfə daha yüksəkdir. Bundan əlavə, onlar dünyanın ən iri media şirkətlərinin yarıdan çoxuna nəzarət edirlər.