Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz | Banco.az

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

 

EUR

Almaniyada pərakəndə satış dövriyyəsinin artması və Avrozonada inflyasiyanın yüksəlməsi, beynəlxalq valyuta birjalarında avronun keçən həftə ərzində 1.1419$-a kimi bahalaşmasına təsir etmişdir. Təhlillərə əsasən, hal-hazırda 1.14$ ətrafında korreksiya edən EUR/USD məzənnəsi, 1.1387$-ı yuxarı istiqamətdə qırarsa, 1.1450$-a kimi də bahalaşa bilər.

Bununla yanaşı, cümə axaşmı Bakı vaxtı ilə saat 17:30-da baş tutacaq Avropa Mərkəzi Bankının mətbuat konfransı da investorların diqqət mərkəzindədir. Bank sədrinin gələcək gözləntilərə dair verəcəyi açıqlamalar, maliyyə bazarlarında ticarət aktivliyini daha da artıracaqdır.

 

GBP

GBP/USD məzənnəsi son yarım ilin maksimum səviyyəsini yenilədikdən sonra korreksiya etməkdədir. Foreks bazarlarında 1.32$-ın üzərində ticarət edilən məzənnə, 1.3290$-ı da yuxarı istiqamətdə qırarsa, 1.3362 və 1.3472$-a kimi bahalaşa bilər.

Bununla yanaşı, cümə günü saat 17:30-da dərc ediləcək Amerikanın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatların, funtun qiymətində də güclü dalğalanmaya təsir edəcəyi gözlənilir.

 

TRY

Ən sərfəli kredit üçün müraciət et

Türkiyə valyuta birjalarında isə dolların qiyməti bahalaşmaqda davam edir. USD/TRY məzənnəsi 5.38TL-ni yuxarı istiqamətdə qırarsa, bahalaşma proqnozları yenidən güclənməklə, 5.41 və 5.45TL-yə kimi də bahalaşa bilər.

Çərşənbə günü saat 15:00-da Türkiyə Mərkəzi Bankının yayımlayacağı faiz qərarı da investorlar tərəfindən böyük maraqla gözlənilməkdədir.

 

OIL

Avropanın Brent markalı neftinin qiymətində güclü artım dalğasından sonra korreksiyasının şahidi oluruq. Ucuzlaşma 64$-a kimi davam edə bilər və məhdud qiymətləndirilir. Beləliklə, neft qiymətlərində yenidən yüksək qiymətlərin müşahidə edilə biləcəyi proqnozları güclü olaraq qalır.

Bu həftənin çərşənbə günü saat 19:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

 

GOLD

Əlvan metallar bazarlarında qızıl qiymətləri keçən həftə ərzində 1290$-a (41.5 $/qram) kimi ucuzlaşıb. Lakin qızıl qiymətlərində də ucuzlaşma müvəqqəti qiymətləndirilir və yenidən bahalaşa biləcəyi proqnozlaşdırılır. Bunun üçün qiymətin yenidən 1300$-ın (41.8 $/qram) üzərində ticarət olunması önəmli rol oynaya və 1318$-a (42.4 $/qram) kimi dəyər qazanmasına səbəb ola bilər.

 

İnvestAz