Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünya iqtisadiyyatının hər il 38 trilyon dollar gəlir itirə biləcəyi proqnozlaşdırılıb.
Banco.az xəbər verir ki, “Potsdam” İqlimə Təsir Araşdırmaları İnstitutunun (PIK) alimləri son 40 il ərzində dünyanın 1600-dən çox regionundan əldə edilən empirik məlumatlar əsasında dəyişən iqlim şəraitinin iqtisadi artıma gələcək təsirlərini və bu təsirlərin davamlılığını qiymətləndiriblər.
Araşdırma "Nature" elmi jurnalında dərc olunub.
Növbəti 26 ili əhatə edən araşdırmaya görə, karbon emissiyaları bundan sonra xeyli azalsa belə, iqlim dəyişikliyi səbəbindən dünya iqtisadiyyatı 2050-ci ilə qədər 19 faiz gəlir itkisinə məruz qala bilər. Bu zərər qlobal temperatur artımını 2 dərəcəyə qədər məhdudlaşdırmaq üçün lazım olan təsirlərin azaldılması xərclərindən altı dəfə çoxdur.
Bu baxımdan qlobal temperatur artımının dünya iqtisadiyyatına vurduğu zərərin hər il orta hesabla 38 trilyon dollara çata biləcəyi gözlənilir. 2050-ci ilə qədər isə bu məbləğin illik 19-59 trilyon dollar arasında olacağı hesablanır.
Qeyd edilir ki, sözügedən iqtisadi itkilər əsasən artan temperatur və onun yaratdığı dəyişkənlik ilə bağlıdır.
Bizi sosial şəbəkələrdən izləyin!!