"Dünya bazarında neftin ucuzlaşması Azərbaycana təsir edəcək" | Banco.az

"Dünya bazarında neftin ucuzlaşması Azərbaycana təsir edəcək"

Dünya bazarlarında neftin qiyməti bir qədər də ucuzlaşıb. Belə ki, hazırda London birjasında Brent markalı neftin 1 barelinin qiyməti 47,2 dollara qədər geriləyib.

Birjanın səhər açılışından dərhal sonra qiymətlər 10%-ə qədər ucuzlaşıb. ABŞ başda olmaqla, aparıcı ölkələrin fond birjaları da dəyər itirməyə başlayıblar.

İqtisadçı, ekspert Vüqar Bayramov dünya bazarlarında neftin ucuzlaşmasının Azərbaycana təsirsiz ötüşməyəcəyini düşünür. İqtisadçı vurğulayıb ki, qlobal birjalar da son 20 ayda ən aşağı səviyyəni nümayiş etdirib:


“Əmtəələr indeksi son 3 ilin ən aşağı səviyyəsindədir. Azalmalar neft bazarından da yan keçməyib. Brent markalı neftin bir bareli 50 dollarlıq psixoloji həddən də aşağı düşüb. Neft 1 gündə 6 faizdən çox dəyər itirib. Qiymətlərin kəskin azalması OPEK-in təcili görüş keçirməyə məcbur edir. Karterl artıq üzvlərinə müraciət etsə də belə bir görüşün yaxın günlərdə reallaşması və bütövlükdə qiymət azalmaların qarşısının alınması real deyil.
 

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanın gündəlik neft ixracatının 783 min barel olduğunu nəzərə alsaq, neftin qiymətinin aşağı düşməsinin ölkəmizə təsirini müəyyənləşdirmək çətin olmaz. Belə ki, neftin bir barelinin qiyməti 86 dollar olan zaman neft ixracatımızın dəyəri 67 milyon 338 min dollar idi. Bu rəqəmə bütün xərclər daxildir və mənfəətin 75 faizi Azərbaycan dövlətinə çatır. Mövcud qiymətlər ilə isə neft ixracatımızın dəyəri 39 milyon 150 min dollardır. Bu o deməkdir ki, bu ilin oktyabr ayı ilə müqayisədə gündəlik neft ixracatımızın dəyəri 28 milyon 188 min dollar azalıb.

OPEK-in son toplantısında ölkəmizin gündəlik hasilatın 20 min barel azaldılması ilə bağlı öhdəlik götürdüyünü də nəzərə alsaq, o zaman gündəlik neft ixracatımızdan əldə etdiyimiz gəlirin daha çox azaldığının şahidi olarıq”.

Modern