Dünya bazarında neftin son qiyməti | Banco.az

Dünya bazarında neftin son qiyməti

Müəllif:Mehin Qasımova,Banco.az

Səudiyyə Ərəbistanının enerji infrastrukturuna edilən hücumlar fonunda dünya bazarında neftin qiyməti yüksəlib.

Banco.az xəbər verir ki, Brent markalı neftin qiyməti 1,18% artaraq 106,93 dollara, WTI markalı neft isə 1,24% bahalaşaraq 102,65 dollara çatıb.

Yəməndə İran tərəfindən dəstəklənən husilərin Səudiyyə Ərəbistanına yeni hücumlar təşkil etməsi Yaxın Şərqdə gərginliyin daha da artacağı və qlobal neft tədarükünün pozulacağı ilə bağlı narahatlıqları gücləndirib.

Hücumlar Səudiyyə Ərəbistanının neft ixracında mühüm rol oynayan Şərq-Qərb boru kəmərinin fəaliyyətinə də təsir edib. Boru kəməri vasitəsilə gündə təxminən 4 milyon barel neft Qırmızı dəniz sahilindəki Yanbu limanına yönləndirilir.

Digər tərəfdən, Hörmüz boğazında kommersiya gəmiçiliyinin azalması da bazarda təchizat risklərini artırıb. Analitiklər hesab edirlər ki, boru kəmərinin fəaliyyətinin bərpa olunmaması Səudiyyə Ərəbistanının ixrac ehtiyatlarına müraciət etməsinə və qlobal neft tədarükünün 4%-ə qədərinin bazardan çıxmasına səbəb ola bilər.