Qlobal bazarlarda neft qiymətləri cümə axşamı səhər saatlarında cüzi geriləyib. İnvestorlar qlobal yanacağa tələb və təklif balansını, eləcə də Yaxın Şərqdəki vəziyyəti qiymətləndirirlər.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçersləri 4 sent ucuzlaşaraq bir barel üçün 88,94 dollar olub. Nyu-York Ticarət Birjasında WTI neftinin sentyabr fyuçersləri isə 0,13 dollar və ya 0,16 faiz azalaraq 83,14 dollara düşüb.
Neft bazarında təzyiq yaradan əsas amillərdən biri OPEC-in tələb proqnozunu yenidən aşağı salmasıdır. Təşkilat 2026-cı ildə qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu gündəlik 200 min barel azaldaraq 580 min barelə endirib. Bu, OPEC-in proqnozu ardıcıl dördüncü dəfə aşağı salmasıdır.
Beynəlxalq Enerji Agentliyi isə qlobal neft tələbatında bu il gündəlik 1,56 milyon barel azalma gözləyir. Agentlik eyni zamanda qlobal neft təchizatının gündəlik 4,3 milyon barel azalacağını və il ərzində təchizat kəsirinin gündə 1,27 milyon barel təşkil edəcəyini proqnozlaşdırır.
ABŞ-da neft ehtiyatlarının kəskin artması da bazarın diqqətindədir. ABŞ Energetika Nazirliyinin məlumatına görə, kommersiya xam neft ehtiyatları 17,42 milyon barel artıb. Bu, 2023-cü ilin yanvarından bəri ən böyük həftəlik artım hesab olunur. Benzin ehtiyatları isə 968 min barel, distillə edilmiş neft ehtiyatları 10 min barel azalıb.
İnvestorlar paralel olaraq ABŞ-İran münasibətlərini də izləyirlər. Tərəflərin atəşkəsin uzadılması ilə bağlı razılığa gəldiyinə dair məlumatlar yayılsa da, Reuters-in İran rəsmisinə istinadən verdiyi xəbərdə Tehran və Vaşinqtonun atəşkəsin uzadılmasını müzakirə etmədiyi bildirilib.
ING analitiklərinin fikrincə, ABŞ və İran arasındakı vəziyyətdə ciddi dəyişiklik yoxdur və tərəflər hələ də çıxılmaz vəziyyətdədirlər. Yaxın Şərqdə mümkün gərginliyin artması isə qarşıdakı günlərdə neft qiymətlərinin istiqamətinə təsir edə biləcək əsas amillərdən biri olaraq qalır.
