Dünya bazarında neft ucuzlaşdı | Banco.az

Dünya bazarında neft ucuzlaşdı

Müəllif:Mehin Qasımova,Banco.az

Dünya neft bazarında beş sessiyadır davam edən yüksəliş cümə günü zəifləyib.

Banco.az xəbər verir ki, investorların mənfəət götürməsi fonunda Brent və WTI markalı neftin qiymətləri geri çəkilsə də, Yaxın Şərqdə artan gərginlik qiymətlər üzərində yüksəliş təzyiqini qoruyur.

London ICE Futures birjasında oktyabr fyuçerslərinin qiyməti 0,58% azalaraq 93,24 dollar/barelə düşüb. Bir gün əvvəl Brent 2,4% bahalaşaraq 93,78 dollara çatmışdı.

NYMEX-də oktyabr fyuçersləri isə 0,75% ucuzlaşaraq 86,18 dollar/barel olub. Cümə axşamı WTI 2,89% yüksələrək 86,83 dollar səviyyəsində qərarlaşıb.

Bununla belə, hər iki kontrakt cümə axşamı 24 iyuldan bəri ən yüksək səviyyədə bağlanıb. Həftənin əvvəlindən Brent 7%-dən çox, WTI isə 8%-dən artıq bahalaşıb.

Neft bazarında əsas narahatlıq mənbəyi Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik və enerji daşımalarının təhlükəsizliyidir.

ABŞ Prezidenti Donald Tramp İranla bağlı genişmiqyaslı iqtisadi tədbirlər görüləcəyini açıqlayıb və İran iqtisadiyyatına yardım edən ölkələrin ciddi iqtisadi nəticələrlə üzləşə biləcəyini bildirib.

Ekspertlər xüsusilə Hörmüz boğazında gəmiçiliklə bağlı vəziyyəti diqqətlə izləyirlər. Bu marşrutdan keçən kommersiya gəmilərinin sayının azalması neft təchizatında mümkün fasilələrlə bağlı narahatlıqları gücləndirib.