Dünya Bankının “Business Ready” (B-READY) hesabatına dair müzakirələr keçirilib | Banco.az

Dünya Bankının “Business Ready” (B-READY) hesabatına dair müzakirələr keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupunun iclası keçirilib.

Tədbirdə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev, Bakı Apellyasiya Məhkəməsinin hakimi, “Biznesin müflisləşməsi” İşçi qrupunun rəhbəri Ramin Qaraqurbanlı, Məhkəmə-Hüquq Şurası, Mərkəzi Bank, Ali Məhkəmə, Vəkillər Kollegiyası, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Ədliyyə və İqtisadiyyat nazirliklərinin aidiyyəti rəhbər şəxsləri, özəl sektordan “BM Morrison Partners”, “Ekvita” və “Pricewaterhouse” şirkətlərinin nümayəndələri iştirak ediblər.

İşçi qrupun rəhbəri Ramin Qaraqurbanlı çıxış edərək İşçi qrupun qarşısında duran prioritet vəzifələr və biznesin müflisləşməsi sahəsinin daha da inkişaf etdirilməsi ilə əlaqədar ötən dövrdə görülən işlər barədə məlumat verib.

Qeyd olunub ki, ölkəmiz uzun illərdir Dünya Bankı ilə sıx əməkdaşlıq edir və müxtəlif istiqamətlərdə dünyada təqdir olunan birgə mühüm layihələr gerçəkləşdirilir. Bu sahədə “Biznesin müflisləşməsi” İşçi qrupu da öz mandatına uyğun olaraq müflisləşmə sahəsində mövcud vəziyyətinin qiymətləndirilməsi, kommersiya məhkəmələrində fəaliyyət göstərən hakimlər sırasında müflisləşmə işlərinə baxan hakimlərin ixtisaslaşdırılması sahəsində təkliflər təqdim edir, müflisləşmə üzrə institusional və qanunvericilik təkliflərinin verilməsi təşəbbüsü ilə çıxış edir, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi məqsədilə müvafiq xarici ekspertləri cəlb edir.

Tədbirdə ölkəmizdə müflisləşmə prosedurunun qiymətləndirilməsi, beynəlxalq təcrübə nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsi və biznes mühitinin daha əlverişli hala gətirilməsi məqsədilə Dünya Bankı tərəfindən Almaniyadan cəlb olunan müflisləşmə üzrə beynəlxalq ekspert Arne Engels İşçi qrupun üzvlərinə təqdim olunub.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda, iclasda “B-READY” hesabatının “Biznesin müflisləşməsi” indikatoru üzrə Dünya Bankı Qrupu tərəfindən hazırlanmış sorğu anketinə verilən cavablar, 2022-2023-cü illər üzrə Yol Xəritəsinin icra vəziyyəti müzakirə olunub, İşçi qrupun üzvləri sırasında müəyyən dəyişikliklər aparılıb, gələcək fəaliyyət üzrə tədbirlər müəyyən edilib.

Qeyd edək ki, Dünya Bankı 2022-ci ildən başlayaraq “Business Ready” adlı beynəlxalq qiymətləndirmə hesabatını təqdim edir. Bu hesabat hazırlanarkən özəl sektorun inkişafı və biznes sahəsində vəziyyətin təkmilləşdirilməsi üçün yeni hesabatlılıq mexanizmləri və beynəlxalq qiymətləndirmə alətləri tətbiq olunur. Həmin hesabatın indikatorlarından biri “Biznesin müflisləşməsi” adlanır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram