Dünya Bankı QKDK ilə əməkdaşlığı dərinləşdirir | Banco.az

Dünya Bankı QKDK ilə əməkdaşlığı dərinləşdirir

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı ilə Bakıda “Qiymətli kağızlar bazarı haqqında” qanunun ictimaiyyətə açıqlanması ilə bağlı təqdimat mərasimi keçirilib.

Banco.az "Report"a istinadən xəbər verir ki, mərasimdə qiymətli kağızlar bazarı üzrə dövlət siyasətini formalaşdıran QKDK-nın rəhbər vəzifəli şəxsləri, bu sahədə çalışan peşəkarlar, ölkənin bank və maliyyə sektoru üzrə ixtisaslaşmış dövlət və özəl qurumları, maliyyə vasitəçiləri, həmçinin Dünya Bankı başda olmaqla, aparıcı beynəlxalq donor təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

QKDK-nın sədr müavini İlqar Muradov Azərbaycanda qiymətli kağızlar bazarının inkişaf tarixinə nəzər yetirərək, iqtisadiyyatın bütün sahələrini əhatə edən islahatlar dalğasının qiymətli kağızlar sahəsindən də yan keçmədiyini və bu seqmentin tərəqqisinə yönəlmiş ardıcıl və düşünülmüş addımların sözügedən sferada dövlət siyasətinin müvəffəqiyyətlə həyata keçirildiyinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. İ.Muradov qiymətli kağızlar bazarının institusional inkişaf səviyyəsinin yüksəldilməsi və onun beynəlxalq standartlara uyğunluğunun təmin edilməsinə töhfə vermək məqsədilə kompleks tədbirləri nəzərdə tutan “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icrasının uğurla davam etdiyini və bu çərçivədə 14 iyul 2015-ci il tarixindən qüvvəyə minən “Qiymətli kağızlar bazarı haqqında” qanunun bazar risklərinin etibarlı idarə edilməsi üçün zəruri mexanizmlərin formalaşmasına xidmət edəcəyini vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Dünya Bankının Cənubi Qafqazda Maliyyə və Özəl Sektor üzrə ölkə əlaqələndiricisi Anjela Priqojina QKDK-nın Dünya Bankı ilə birgə həyata keçirdiyi Kapital Bazarlarının Müasirləşdirilməsi Layihəsinin Azərbaycan qiymətli kağızlar bazarında aparılan islahatların dinamizminin yüksəlməsinə xidmət etdiyini bildirib. A.Priqojina beynəlxalq təcrübədən yararlanmaqla hazırlanmış qiymətli kağızlar qanunvericiliyinin bazarda səmərəliliyin və keyfiyyətin yüksəldilməsinə yeni imkanlar açacağına əminlik ifadə edib və təmsil etdiyi qurumun QKDK ilə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu qeyd edib.

Tədbirin davamında yerli və beynəlxalq ekspertlər “Qiymətli Kağızlar bazarında islahatlar: Beynəlxalq perspektiv”, “Qiymətli Kağızlar Bazarı haqqında qanunun ticarət infrastrukturuna təsiri”, “Yeni hüquqi mühitdə maliyyə vasitəçiliyi”, “Qiymətli Kağızlar Bazarı haqqında qanunun maliyyə sisteminin tənzimlənməsində rolu” mövzularında çıxış ediblər.

Sonra QKDK-nın Hüquq şöbəsinin müdiri Kamran Babayev “Qiymətli kağızlar bazarı haqqında” qanunun təqdimatını edib.