Dünya Bankı Azərbaycanda biznesin inkşafı üçün təklif irəli sürüb | Banco.az

Dünya Bankı Azərbaycanda biznesin inkşafı üçün təklif irəli sürüb

Azərbaycan sahibkarlıq fəaliyyətinə dövlətin maliyyə yardımı ilə bağlı yeni modelə keçməlidir. Banco.az "Trend"ə istinadən xəbər verir ki, bunu Dünya Bankının (DB) Cənubi Qafqazda Maliyyə və Özəl Sektor üzrə ölkə əlaqələndiricisi Anjela Priqojina deyib.

O bildirib ki, bu gün Azərbaycanın dövlət vəsaiti hesabına kiçik və orta sahibkarlığın inkişafı və stimullaşdırılması ilə bağlı kifayət qədər böyük proqramı var: “Lakin Sahibkarlara Kömək Milli Fondu və başqa oxşar strukturlar daha çox dövlət resurslarından asılıdır. Ona görə yeni müasir maliyyələşmə modelinə keçmək, yəni başqa mənbələr hesabına resurs bazasını şaxələndirmək lazımdır”.

A.Priqojina hesab edir ki, gələcəkdə dövlət proqramları çərçivəsində kiçik və orta sahibkarlığın inkişafı və stimullaşdırılması üçün resursların paylanması mexanizmini təkmilləşdirmək lazımdır.

Bununla yanaşı, o qeyd edir ki, pul vəsaiti axınının effektivliyini artırmaq üçün dövlət büdcəsindən ayrılan vəsaiti daha effektiv istifadə etmək olar: “Qiymətli kağızların buraxılışı vasitəsilə şirkətlərə resurs cəlb etmək imkanı vermək üçün fond bazarını inkişaf etdirmək lazımdır”.

Ən sərfəli kredit üçün müraciət et

DB əlaqələndiricisi bildirib ki, ümumilikdə Azərbaycan İpoteka Fondu, Sahibkarlara Kömək Milli Fondu və Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarəsi üzrə Dövlət Xidməti dövlət büdcəsindən böyük həcmdə maliyyə yardımı alır, ancaq bu yardımdan real istifadə edən müəssisə və fiziki şəxslərin sayı çox azdır.

A.Priqojina qarşıda duran məsələlərdən biri kimi kreditlər üzrə faiz dərəcələrinin aşağı salınmasını da qeyd edib: “Bu gün yüksək kredit faizi yüksək risklərin hesabına formalaşır”.

DB nümayəndəsi Azərbaycan üçün prioritet kimi özəl kredit bürosunun və daşınan əmlak reyestrinin yaradılmasını məqsəduyğun hesab edir.