Dünya Bankı Azərbaycana dəstəyini genişləndirəcək | Banco.az

Dünya Bankı Azərbaycana dəstəyini genişləndirəcək

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə yeni təyin olunmuş regional direktoru xanım Mersi Tembonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Banco.az "Report"a istinadən xəbər verir ki,  görüş zamanı DB və Azərbaycan hökuməti arasında mövcud və gələcək əməkdaşlıq əlaqələri, DB-nin Azərbaycanda həyata keçirdiyi proqram və layihələr müzakirə edilib.

Görüşdə Azərbaycanla DB arasında uzunmüddətli əməkdaşlıq ənənəsini vurğulayan E.Rüstəmov ölkədə iqtisadi islahatların, institusional quruculuq işlərinin dəstəklənməsində DB-nin rolunu xüsusilə qeyd edib. O, keçmiş regional direktor Henri Keralinin işini yüksək qiymətləndirərək, Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsi (ÖTÇ) sənədinin hazırlanmasında gostərdiyi səylərə görə H.Keraliyə minnətdarlığını bildirib. 

Ən sərfəli kredit üçün müraciət et

Daha sonra E.Rüstəmov qlobal makroiqtisadi volatillik və regional çağırışlar fonunda DB ilə əməkdaşlığın Azərbaycan hökuməti ilə birlikdə hazırlanmış ÖTÇ sənədinin prioritet sahələri üzrə fokuslaşdırılmasının əhəmiyyətindən danışıb. O, M.Tembonun Azərbaycanla DB-nin uğurlu əməkdaşlıq ənənəsini davam etdirəcəyini və birgə fəaliyyətin səmərəliliyinin və faydalılığının gələcəkdə daha da artıracağına əmin olduğunu bildirib.

DB-nin Cənubi Qafqaz üzrə regional direktoru M.Tembo tərəflər arasında keçmiş əməkdaşlıq səviyyəsini və eləcə də mövcud qlobal çağırışları nəzərə alaraq, Azərbaycan ilə əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb. Direktor DB-nin Azərbaycana dəstəyinin bundan sonra da davamlı olaraq genişləndirilməsi istiqamətində çalışacağını qeyd edib.