Dünya Bankı Azərbaycan üzrə yeni strategiyasını təsdiq edib | Banco.az

Dünya Bankı Azərbaycan üzrə yeni strategiyasını təsdiq edib

Banco.az " APA"ya istinadən xəbər verir ki,  Dünya Bankı (DB) qrupunun icraçı direktorlar şurası Azərbaycan üçün 2015-2020-ci illər üzrə "Ölkə Tərəfdaşlıq Çərçivəsi"ni təsdiqləyib.

DB-nin Bakı ofisindən verilən məlumata görə, sənəd Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və İnvestisiya Zəmanətləri üzrə Çoxtərəfli Agentliyin (MIGA) daxil olduğu Dünya Bankı qrupunun 5 illik birgə strategiyasını özündə əks etdirir. Bu strategiya davamlı, inklüziv və özəl sektora əsaslanan inkişaf yolunda Azərbaycana dəstək vermək məqsədi daşıyır.

Sənəd DB-nin ölkənin qısa və uzun müddətli perspektivdə qarşılaşdığı iqtisadi şəraitin, sınaq və məhdudiyyətlərin əhatəli təhlilini ehtiva edən Azərbaycan üzrə Sistemli Ölkə Diaqnostikasına əsaslanır. Bu, həmin məhdudiyyətlər arasından seçilən problemləri aradan qaldırmağa kömək edən, Azərbaycanın inkişaf prioritetləri və Dünya Bankı Qrupunun yoxsulluğun azaldılması və ümumi rifahın yüksəldilməsindən ibarət olan qlobal qoşa məqsədlərlə uzlaşan proqramı təşkil edir.

Son onillik ərzində Azərbaycan yoxsulluğun azaldılması və ümumi rifahın yüksəldilməsi istiqamətində inanılmaz irəliləyişə nail olub. Yoxsulluq səviyyəsi 2000-ci illərin əvvəllərindəki əhalinin təqribən 50%-dən 2013-cü ildə 5%-ə qədər azalıb və bu proses orta sinfin həmin dövr ərzində əhalinin 4%-dən 29%-ə qədər böyüməsi ilə müşayiət olunub. Bu nailiyyətlər, əsas etibarı ilə, ildə orta hesabla 13% təşkil edən iqtisadi artımla xarakterizə olunan müstəsna iqtisadi göstəricilər və dövlət xərclərinin təmin edilməsi üçün neft gəlirlərindən istifadə edilməsi sayəsində əldə olunub. Cari aşağı neft qiymətləri, neft istehsalının azalması və qeyri-müəyyən regional iqtisadi perspektivlər mühitində Azərbaycan özəl sektorun mərkəzi rol oynayacağı yeni inkişaf modeli axtarışındadır.

“Dünya Bankı Qrupunun yeni Ölkə Tərəfdaşlıq Çərçivəsi Azərbaycan üçün sınaqlarla dolu olan, lakin doğru zamanda irəli sürülüb. Dövlət xərclərində səmərəlilik və yeni inkişaf modeli tələb edən təlatümlü qlobal iqtisadi mühitdə ÖTÇ Azərbaycana qoşa məqsədlər sahəsində əldə etdiyi uğurlarını qorumağa və daha da yüksəltməyə, ölkənin xarici sarsıntılara davamlılığını gücləndirməyə kömək edəcək”, - deyə DB-nin regional direktoru Henry Kerali bildirib.

"Ölkə Tərəfdaşlıq Çərçivəsi" iki sahəyə diqqət ayırır: dövlət sektorunun idarəedilməsi və dövlət xidmətlərinin göstərilməsi və iqtisadi rəqabət qabiliyyəti.

Ən sərfəli kredit üçün müraciət et

"Ölkə Tərəfdaşlıq Çərçivəsi"nin ilk strateji fokus sahəsi çərçivəsində DB qrupu ölkəyə dövlət resurslarının idarə edilməsi üçün potensialın gücləndirilməsi, dövlət xidmətlərinə çıxışın asanlaşdırılması və ekoloji aktivlərin keyfiyyətinin artırılması sahəsində yardım edəcək.

"Ölkə Tərəfdaşlıq Çərçivəsi"nin ikinci strateji fokus sahəsi çərçivəsində Dünya Bankı qrupu seçilən infrastruktur şəbəkəsinin təkmilləşdirilməsi, ölkəndə maliyyə inklüzivliyinin artırılması, özəl sektorun qarşısında dayanan tənzimləmə yükünün azaldılması və kənd yerlərində iqtisadi fəaliyyətin dəstəkləməsi sahəsində köməklik göstərəcək. İdarəetmə və gender mövzuları resursların səmərəli idarəedilməsi, sosial inkluzivlik və müxtəlif aktivlərin toplanması və s. üçün vacib əhəmiyyətə malikdir və ayrılıqda bütün ÖTÇ proqramı boyunca lazımi qaydada əhatə olunacaq.

"Ölkə Tərəfdaşlıq Çərçivəsi" məqsədlərinə bir sıra davam edən əməliyyatlar, investisiyalar və texniki yardım kimi yeni müdaxilələr vasitəsilə nail olunacaq. Dünya Bankı qrupu tərəfindən həyata keçiriləcək məşvərət və təhlil proqramları kredit layihələrini dəstəkləyəcək və hökumətin yaranan ehtiyaclarına “vaxtında” cavab verə biləcək.

IFC-nin əsas diqqəti "Ölkə Tərəfdaşlıq Çərçivəsi"nin iqtisadi rəqabət qabiliyyəti gündəliyinin dəstəklənməsi, maliyyə inklüzivliyinin gücləndirilməsi, biznes mühitinin təkmilləşdirilməsi üçün təşəbbüslərin davam etdirilməsi və gücləndirilməsinə yönələcək. IFC, həmçinin, əhəmiyyətli infrastruktur layihələri, kənd təsərrüfatı və digər ixrac yönümlü sahələr də daxil olmaqla, real sektoru dəstəkləmək məqsədilə sərmayə və məsləhət imkanlarını araşdıracaq.

“Biz Azərbaycanın özəl sektoruna yeni iş yerlərinin yaradılması və inkişafa töhfə verməsi işində yardım etməyə davam edəcəyik. BMK-nın maliyyə sahəsindəki sərmayələri və məşvərət xidmətləri strateji prioritet olaraq qalacaqdır və bu, bütün ölkə boyu biznesin maliyyə vəsaitinə çıxış imkanlarını artırmağa yardım edəcək. Biz həmçinin, biznesin qarşısında duran tənzimləyici maneələrin azaldılmasına kömək edəcək və dövləti-özəl infrastruktur maliyyə mexanizmlərinin gücləndirilməsində hökumətə dəstək verəcəyik”, - deyə IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri Jan van Bilsen bildirib.

Ən sərfəli krediti almaq üçün müraciət et