DSMF Dünya Bankı ilə əməkdaşlığı genişləndirir | Banco.az

DSMF Dünya Bankı ilə əməkdaşlığı genişləndirir

Növbəti mərhələdə Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə Dünya Bankı arasında əməkdaşlığın əsas istiqamətlərindən biri ölkəmizdə sığorta-pensiya sistemində aktuar tədqiqatların aparılması üçün zəruri institusional bazanın yaradılması ilə bağlı olacaq.

Bu barədə məlumat verən fondun sədri Elman Mehdiyev qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı 4 noyabr 2014-cü il tarixli Sərəncamla təsdiq olunmuş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda pensiya sisteminin uzunmüddətli inkişafı üçün aktuar təhlillərə əsaslanan mexanizmlərin formalaşdırılması başlıca vəzifələrdən biri kimi müəyyən olunub.

E. Mehdiyev qeyd edib ki, ölkəmizdə sığorta-pensiya sisteminin perspektiv inkişafının aktuar modelləşdirmə əsasında proqnozlaşdırılmasına imkan verən institusional bazanın formalaşdırılması üçün Dünya Bankının təklif etdiyi PROST (Pensiya islahatları seçimlərinin simulyasiya aləti) modelinin Azərbaycanda tətbiqi məsələləri qurumun nümayəndələri ilə müzakirə olunaraq razılaşdırılıb. Bu məqsədlə, növbəti ilin əvvəllərində Dünya Bankının aktuar tədqiqatlar sahəsində ekspertlərinin Bakıya səfəri nəzərdə tutulur və beynəlxalq ekspertlər Fondun mütəxəssisləri ilə birgə PROST modelinin yeni pensiya islahatı konsepsiyası ilə müəyyən edilmiş islahat tədbirləri də nəzərə alınmaqla Azərbaycanda tətbiqinə başlayacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

DSMF ilə Dünya Bankı arasında ötən dövrdə müsbət əməkdaşlıq təcrübəsindən bəhs edən E. Mehdiyev qurumun Azərbaycanda sığorta-pensiya sistemində həyata keçirilən islahatları daim yüksək qiymətləndirdiyini qeyd edib. Bildirilib ki, Dünya Bankının bu ilin oktyabr ayında dərc olunan “Doing Business 2015” hesabatına əsasən, Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində 32 pillə irəliləyib. Bu, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yüksək göstəricidir.

Həmçinin qeyd olunub ki, 2012-ci ildə Dünya Bankı Azərbaycan Hökuməti ilə əməkdaşlığının 20 illiyi münasibətilə Fondu “Müasir kompüter texnologiyalarının imkanlarından istifadə etməklə köhnəlmiş iş metodlarından yeni iş metodlarına keçid” nominasiyası üzrə xüsusi sertifikata layiq görüb. 

apa.az