1 yanvar 2019-cu il tarixdən Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən əməkhaqqının 8.000 manatadək olan hissəsindən vergi tutulmur. Bu güzəşt dövlət qulluqçularına da şamil edilirmi?
Muzdlu işlə əlaqədar gəlir vergisinin güzəştli qaydada hesablanması yalnız neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışan fiziki şəxslərə münasibətdə tətbiq edilir və bu, həmin sektorda əmək haqlarının leqallaşdırılmasını və qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasını stimullaşdırmaq məqsədi daşıyır. Lakin son dəyişikliklərə qədər neft-qaz sahəsində və dövlət sektorunda çalışan fiziki şəxsin əməkhaqqı 2.500 manatadək olduqda hesablanmış məbləğdən 173 manat (2018-ci il üçün yaşayış minimumu) çıxılmaqla 14 faiz dərəcə ilə gəlir vergisi hesablanırdısa, dəyişikliklərdən sonra bu məbləğ 200 manatadək qaldırılmışdır. Əməkhaqqının 200 manatdan yuxarı olan hissəsindən isə 14 faiz dərəcə ilə vergi tutulur. Beləliklə, hesablanmış əməkhaqqı 570 manat təşkil edən dövlət sektorunda çalışan fiziki şəxsin əməkhaqqından 51,8 manat (570 - 200 = 370 x 14% = 51,8 manat) vergi tutulur.
Əsas: Vergi Məcəlləsi, 101.1-ci və 102.1.6-cı maddələr