Dövlət büdcəsinin gəlirləri 25%-dən çox artıb | Banco.az

Dövlət büdcəsinin gəlirləri 25%-dən çox artıb

2022-ci ilin doqquz ayı ərzində dövlət  büdcəsinin mədaxili 22401,4 milyon manat, xərcləri 20470,7 milyon manat olmuş, 1930,7 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranmışdır.

Bu barədə Maliyyə Nazirliyindən bildirilib.

2022-ci ilin doqquz ayı ərzində dövlət büdcəsinin gəlirləri 22401,4 milyon manat və ya doqquz aylıq proqnoza qarşı 418,6 milyon manat (1,9 faiz) çox icra olmuşdur. Bu 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4529,8 milyon manat və ya 25,3 faiz çoxdur.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 10451,4 milyon manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 970,7 milyon manat və ya 10,2 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 4097,0 milyon manat və ya 64,5 faiz çoxdur. Daxilolmaların 59,2 faizi və yaxud 6191,7 milyon manatı qeyri-neft sektorunun payına düşməklə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1498,9 milyon manat və ya 31,9 faiz çox olmuşdur. Daxilolmaların qalan 40,8 faizi və yaxud 4259,7 milyon manatı neft sektorunun payına düşməklə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2598,1 milyon manat və ya 2,6 dəfə çox olmuşdur.


Bütövlükdə cari ilin doqquz ayında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə proqnoza nisbətən artıq daxil olmuş vəsaitin 20,2 faizi və yaxud 195,9 milyon manatı qeyri-neft sektorunun, 79,8 faizi və yaxud 774,8 milyon manatı neft sektorunun payına düşmüşdür. 2022-ci ilin doqquz ayı ərzində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 4227,5 milyon manat vəsait təmin edilmişdir ki, bu da proqnoza nisbətən 650,3 milyon manat və ya 18,2 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 1034,3 milyon manat və ya 32,4 faiz çoxdur. Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların gördükləri iş və göstərdikləri ödənişli xidmətlərindən dövlət büdcəsinə 580,8 milyon manat vəsait daxil olmuşdur ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 126,8 milyon manat və ya 27,9 faiz çoxdur. Məqsədli büdcə fondlarının (“Avtomobil yolları” Məqsədli Büdcə Fondu və Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu) vəsaitinin qalığının həmin fondların gəlirlərinə aid olan hissəsi 183,3 milyon manat təşkil etmişdir ki, bu da proqnoza nisbətən 110,9 milyon manat və ya 2,5 dəfə çoxdur. Sair daxilolmalar üzrə dövlət büdcəsinə 416,4 milyon manat vəsait daxil olmuşdur.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 8082,7 milyon manat məbləğində transfertə qarşı 6542,0 milyon manat məbləğində transfert daxil olmuşdur. Hesabat dövründə vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan müsbət dinamika Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 1540,7 milyon manat və ya 19,1 faiz az istifadə olunmasına imkan vermişdir.
2022-ci ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin gəlirləri 8195,9 milyon manat icra olunmuşdur.

Hesabat dövründə dövlət büdcəsinin profisiti proqnozlaşdırılan 943,7 milyon manatdan 987,0 milyon manat artıq olmaqla 1930,7 milyon manat təşkil etmişdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram