Dövlət büdcəsi müzakirəyə çıxarıldı | Banco.az

Dövlət büdcəsi müzakirəyə çıxarıldı

Bu gün Milli Məclisin bu gün keçirilən plenar iclasında 2014-cü ilin dövlət büdcəsinin icrası müzakirə olunub.

İqtisadi siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev çıxış edərək 2014-cü ildə dövlət büdcəsi barədə danışıb.

Millət vəkili deyib ki, 2014-cü ilin dövlət büdcəsi 308,4 mln. manat kəsirlə icra olunub, 2015-ci il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı 1,7 mlrd. manat təşkil edib:

“2014-cü il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan bu qalıq 2015-ci il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldiləcək. Həmçinin, Azərbaycanın 2014-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsində büdcə gəlirlərinin 18 mlrd. 400 mln. 565,2 min manat, xərclərin 18 mlrd. 709 mln. manat olduğu qeyd edilir. Layihəyə əsasən, ötən il müdafiə xərcləri 1,5 mlrd. manat, təhsil xərcləri 1,554 mlrd. manat təşkil edib”.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə bildirib ki, ötən il dünya iqtisadiyyatında sistemli böhranın davam etdiyi bir şəraitdə Azərbaycan davamlı iqtisadi inkişaf tempini qoruyub saxlayıb: “Ölkə üzrə ÜDM-in həcmi, xüsusilə qeyri-neft sektorunun ÜDM-də çəkisi artıb. Ölkə üzrə qeyri-neft sektorunda 7 faizlik illik real artım tempinə nail olunub. 2014-cü ildə istehlak qiymətlərinin indeksi (inflyasiya) 1,4 faiz olub. Bu da 2014-cü il üçün proqnozlaşdırılan göstəricidən demək olar ki, iki dəfə azdır”.

Maliyyə naziri Samir Şərifov isə deyib ki, Milli Məclisə təqdim olunan 2014-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsi və hesabat reallığı əks etdirir: “Sənəddə dövlət borcları haqqında da məlumat verilir. Milli Məclisin müvafiq komitəsində bu məsələ geniş müzakirə edilib və bəyənilib. Prezident İlham Əliyevin rəhbərliyi altında ardıcıl həyata keçirilən iqtisadi siyasət nəticəsində əsas hədəflərə nail olunub. Həmçinin məqsədyönlü iqtisadi siyasət nəticəsində 2014-cü ildə də makroiqtisadi sabitliyə, qeyri-neft sektorunun artım sürətinə nail olunub. 2014-cü ildə ölkəmizdə 59 milyard manat və yaxud əvvəlki illə müqayisədə 2,8 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. İqtisadiyyatın qeyri-neft sektoru üzrə əlavə dəyər 7 faiz artaraq, ÜDM-də xüsusi çəkisi 61 faizədək yüksəlib. ÜDM-in 39 faizi neft-qaz sektorunun payına düşüb”.

Müzakirələr zamanı deputat Vahid Əhmədov 2014-cü-il dövlət büdcəsinin icrasını müzakirəsiz təsdiq etməyi tövsiyə edib. Deputat Fazil Mustafa isə çıxışında təklif edib ki, Azərbaycan Respublikasının dövlət büdcəsinin icrası Cənubi Qafqaz Respublikalarının dövlət büdcələri ilə müqayisəli şəkildə təqdim edilsin.
Deputat hesab edir ki, büdcənin qeyd edilən formada təqdim olunması təbliğat işinin aparılmasına kömək edə bilər.

Ən sərfəli kredit üçün müraciət et

anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et