Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ-nin növbəti prezidenti Donald Tramp Çinin “TikTok” sosial şəbəkəsinə qoyulan qadağanın təxirə salınması üçün ölkənin Ali Məhkəməsinə müraciət edib.
Banco.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Müraciətdə siyasətçi yanvarın 20-də keçiriləcək inauqurasiyadan sonra ABŞ hakimiyyəti ilə sosial şəbəkə arasında münaqişənin həllində vasitəçi olmasına icazə verilməsini xahiş edir: o, “on milyonlarla” amerikalının hüquqlarına hörmət etmək və milli təhlükəsizlik problemini həll etmək üçün “TikTok”un ölkədə qadağan olunmasının qarşısını almaq niyyətindədir.
Yanvarın 10-da Ali Məhkəmə tərəflərin şifahi arqumentlərinə baxacaq, ayın 19-da isə sosial şəbəkə bloklana bilər.
Müraciətdə siyasətçi qeyd edib ki, o, 15 milyona yaxın abunəçisi olan “TikTok”dan seçiciləri ilə ünsiyyət qurmaq üçün özü də istifadə edir və platformanı “ifadə azadlığı üçün unikal media” hesab edir.
Xatırladaq ki, ABŞ-nin hazırkı prezidenti Co Baydenin bu ilin aprelində imzaladığı qanuna görə, platforma Amerika şirkətinin nəzarətinə keçməlidir, əks halda onun ölkədə işləməsi qadağan olunacaq.