Donald Tramp Kanada və Meksika ilə razılığa gələ bilər | Banco.az

Donald Tramp Kanada və Meksika ilə razılığa gələ bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın ticarət naziri Latnik Trampın 25 faiz gömrük rüsumu tətbiq etdiyi Kanada və Meksika ilə kompromis əldə edə biləcəyini deyib.

Banco.az xəbər verir ki, ABŞ-ın Ticarət naziri Hovard Latnik prezident Donald Trampın Kanada və Meksikaya tətbiq etdiyi 25 faizlik gömrük rüsumu ilə bağlı bir razılaşma elan edə biləcəyini bildirib.

Latnik "Fox Business" kanalına verdiyi müsahibədə kanadalılar və meksikalılarla bütün gün telefon danışıqları apardığını və hər iki ölkənin sərhəd təhlükəsizliyi ilə bağlı “daha yaxşı tədbirlər görəcəyini” söylədiyini qeyd edib.

Prezident Trampın Kanada və Meksika ilə bir həll yolu tapacağını düşündüyünü vurğulayan Latnik, "Bu, tam bir dayandırma olmayacaq, amma düşünürəm ki, Tramp onlara 'sən daha çox iş gör, mən də səninlə ortaq bir nöqtəyə gələ bilərəm' deyəcək və yəqin ki, bunu sabah elan edəcəyik. Nəticə çox güman ki, ortaq bir mövqedə olacaq. Prezident kanadalılar və meksikalılarla birlikdə hərəkət edəcək, amma tam şəkildə deyil" – deyə bildirib.

Trampın hansı növ razılaşma üzərində düşündüyünə dair təfərrüat verməyən Latnik ABŞ-Meksika-Kanada Razılaşmasına (USMCA) işarə edib.

"Əgər həmin qaydalara uyğun hərəkət edirsinizsə, Prezident sizə müəyyən güzəştlər etməyi düşünür. Əgər bu qaydalara əməl etmirsinizsə, onda gömrük rüsumu ödəmək məcburiyyətindəsiniz." – deyə əlavə edib.

ABŞ prezidenti Tramp nizamsız miqrasiya və fentanil axınını əsas gətirərək 4 mart tarixindən etibarən Kanada və Meksikadan idxal edilən mallara 25 faizlik gömrük rüsumu tətbiq etməyə başlayıb.

Bundan əlavə, Çin mallarına tətbiq edilən mövcud gömrük tarifləri ikiqat artırılaraq 10 faizdən 20 faizə yüksəldilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram