Müəllif:Ayşən İmanova/Banco.az
Dolların avro, yen və funt-sterlinqə nisbətdə məzənnəsi ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın maliyyə naziri postuna elan etdiyi namizəd ilə bağlı ucuzlaşıb.
Banco.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Bildirilib ki, avro 1,0427 dollardan 1,0479 dollara, funt sterlinq isə noyabrın 22-i cümə günü 1,2530 dollardan noyabrın 25-i səhər 1,2592 dollara qalxıb. Eyni zamanda, bu vaxt ərzində dolların yenlə dəyəri 154,76-dan 154,42 vahidə düşüb.
Bessentin ABŞ-də vergilərin azaldılması fonunda rüsumların artırılmasını dəstəkləyəcəyi gözlənilir. Onun həmçinin iqtisadi siyasətdə kəskin dəyişikliklərdən daha çox bazar sabitliyinə üstünlük verməsi gözlənilir.
Xatırladaq ki, noyabrın 23-də Tramp ABŞ Maliyyə Nazirliyinin rəhbəri vəzifəsinə Bessentin namizədliyini irəli sürüb. Bessentin 62 yaşı var. O, əvvəllər “Soros Fund Management”in baş investisiya direktoru olub, hazırda isə “Key Square Group” investisiya fonduna rəhbərlik edir.