Türkiyədə ABŞ dollarının məzənnəsi bu gün, martın 27-də 3,60 TRY/USD səviyyəsindən aşağı düşüb. Hazırda məzənnə cümə günü, martın 24-nə olan son qiymətlə müqayisədə 0,7% geriləyərək 3,5870 TRY/USD təşkil edir.
Türkiyədə dolların ucuzlaşmasına səbəb kimi ümumilikdə dünya bazarında ABŞ valyutasının məzənnəsinin zəifləməsi amili göstərilir. Belə ki, ABŞ-ın yeni prezidenti Donald Trampın seçkidən öncə vəd etdiyi vergi islahatları və fiskal xərclərin artırılması barədə planların həyata keçiilrməsi ilə bağlı şübhələrin yaranması dolları ucuzlaşdırmağa başlayıb.
Qlobal valyuta bazarında dollar daha 1-1,5% ucuzlaşa bilər. Belə olduğu halda, ABŞ-dan ixrac sürətlənəcək, inflyasiya artacaq, bu da öz növbəsində FED-in faizləri daha sürətlə artırmasına və nəticədə, dolların möhkəmlənməsinə gətirib çıxaracaq. "Ona görə də dolların məzənnəsində ciddi ucuzlaşma gözlənilmir.
Türkiyədə dolların məzənnəsi isə 3,55 TRY/USD səviyyəsinə qədər geriləyə bilər. Daha sonra isə FED-in faizləri artırması prosesinə davam etməsi ilə məzənnənin 3,65-3,75 TRY/USD səviyyəsində sabitləşəcəyi proqnozlaşdırılır", - deyə analitiklər qeyd ediblər.
©Report