Son 2 ayda dollar manat qarşısında dəyərdən düşür. Bu ilin 1 fevral tarixində 1,92 manat səviyyəsinə qalxan dollar/manat rəsmi məzənnəsi bu gün 1,7301 manata düşüb. Banklar artıq dolları 1,65 manata satır. Bəs manat daha da güclənə bilər?
Son trendlər manatın xeyrinədir. Müsbət meyillər aşağıdakılardır:
- Bu ilin üç ayında ticarət dövriyyəsi 15% artıb, ixrac idxalı üstələyib və 1 milyard dollar ətrafında müsbət saldo yaranıb. İxrac təxminən 50%, qeyri-neft ixracımız təqribən 10% ətrafında artıb, idxal isə 17% azalıb.
- 2016-cı ildə 2015-ci illə müqayisədə tədiyə balansının kəsiri 21 dəfə azalaraq 539,2 milyon dollara düşüb. Bu il tədiyə balansında profisit yarana bilər.
- Neft qiymətləri 50 dolların üzərində qalır. İlin ortalarında Brent neftinin barelinin qiymətinin 60 dollara qalxacağı gözlənilir.
- Bu ilin 3 ayı ərzində valyuta ehtiyatlarımız 1 milyard dollar səviyyəsində artaraq 38,5 milyard dollara çatıb. Mərkəzi Bankın da valyuta ehtiyatları artır.
- Mərkəzi Bankın sərt pul siyasəti təsirli olub. Depozit hərracları və notların emissiyası yolu ilə dövriyyədəki manat kütləsi azaldılıb.
- Əhalinin ehtiyatında 2015-ci ildə olduğu qədər dolar alışına yönəldə biləcəyi vəsait yoxdur. Amerika valyutasının 2 manat səviyyəsini keçə bilməməsi dolların 2,40-2,60 manat olacağı barədə gözləntiləri azaldıb.
- Bu ilin ilk rübündə iqtisadiyyatın qeyri-neft sektoru 2,4% artıb.
- Ölkəmizə turist axını çoxalıb, bu da bazara valyutanın daxil olması deməkdir. Bu ilin birinci rübündə turistlərin ölkəmizə səfərləri 25% artıb.
- Bank sektoru stabilləşib.
Bütün bu müsbət meyillərin daha da güclənəcəyi, digər iqtisadi proseslərin də manatın xeyrinə inkişaf edəcəyi gözlənilir.
Mənbə: Marja.az