Müəllif: Gülnar Əhmədli, Banco.az
Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə dekabrın 14-də keçirilən hərracda tələb 70,9 mln. ABŞ dolları təşkil edib. Bu, dekabrın 12-də keçirilən hərracla müqayisədə 1.8 mln. dollar çoxdur. Ümumilikdə noyabr ayının sonundan etibarən bankların dollar tələbində artım qeydə alınır. Belə ki, dekabrın 5-i keçirilən hərracda tələb 95,1 mln. dollar, noyabr ayının son hərracında (30 noyabr) tələb isə 77,8 mln. dollar təşkil edib.
Banco.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov dollara tələbin artmasını şərh edib.
"Öncədə qeyd etdiyimiz kimi, dollara tələbin artması daha çox mövsümi faktorlar ilə bağlıdır. Belə ki, dekabrda həm biznesin, həm də vətəndaşların xarici valyuta tələbi yüksəlir. Belə ki, dövlət və özəl müəssisələrin və eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlar ilə bağlı olaraq xarici səfərlərin çoxalması dollara tələbi artırır.
Bununla yanaşı, Mərkəzi Bank tərəfindən dollara tələbin artacağı ayların öncədən proqnozlaşdırılması, kommunikasiyanın gücləndirilməsi və hərracların mütəmadiliyinin tənzimlənməsi vacibdir. Mart, avqust və dekabr aylarında dollara mövsümi səbəblərdən tələb yüksəlir. Hərracların keçirilməsi mütəmadiliyi ilə bu tələbin daha çevik tənzimlənməsi mümkündür", - V. Bayramov qeyd edib.
Dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə iqtisadçı bildirib ki, əvvələrdə də qeyd etdiyimiz kimi, Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib: "Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".
Bizi sosial şəbəkələrdən izləyin!!