Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ dolları inflyasiya göstəricilərinin Federal Ehtiyat Sisteminin (FED) faiz siyasəti ilə bağlı gözləntilərə təsiri fonunda möhkəmlənib.
Banco.az xəbər verir ki, dollar ABŞ Xəzinədarlığı istiqrazlarının gəlirliliyinin yüksəlməsindən sonra 0,3 faizədək artıb. Bununla da dollar son dörd həftə ərzində ən böyük həftəlik yüksəlişini qeydə alıb.
Dolların bahalaşmasına ABŞ-da inflyasiyanın yüksək olaraq qalması ilə bağlı məlumatlar dəstək verib. FED-in üstünlük verdiyi inflyasiya göstəricisi olan şəxsi istehlak xərcləri (PCE) qiymət indeksi iyul ayında illik ifadədə 3,7 faiz artıb. Bu göstərici FED-in 2 faizlik inflyasiya hədəfindən xeyli yüksəkdir.
Məlumatların açıqlanmasından sonra investorların FED-in sentyabr iclasında faiz dərəcələrini artıracağı ilə bağlı gözləntiləri güclənib. Bazarlarda ilin sonuna qədər 25 baza bəndlik faiz artımı ehtimalı da nəzərə alınır.
Dollar G10 ölkələrinin əksər valyutalarına qarşı möhkəmlənib. Yeni Zelandiya dolları və İsveçrə frankı əsas itki yaşayan valyutalar sırasında olub. ABŞ dolları Yaponiya yeninə qarşı da 0,2 faiz bahalaşaraq 159,45 yenə yüksəlib.
Bununla belə, ABŞ-da istehlak xərclərinin iyul ayında sabit qalmasını göstərən məlumatlar dolların artımını məhdudlaşdırıb. Bu göstərici iqtisadi aktivliyin müəyyən qədər zəiflədiyinə dair siqnal kimi qiymətləndirilib.
İnvestorların diqqəti indi FED-in gələcək faiz siyasəti ilə bağlı siqnallara yönəlib.
