Dünya miqyasında valyuta ehtiyatlarının tərkibində qızılın miqdarını artıran ölkələrin sayı son dövrlər daha sürətlə artır. Məsələn, şimal qonşumuz Rusiya 1 aprel tarixinə qızıl ehtiyatlarını 39,8 milyon unsiyaya və ya 1238 tona qaldırıb. Rusiyanın qızıl ehtiyatları bir ay əvvəl 38,8 milyon unsiya səviyyəsində idi. Edilən 30 tonluq qızıl alışı sentyabr ayından bu yana ən böyük aylıq alışdır. Dünyanın ən böyük 5-ci qızıl ehtiyatına sahib olan Rusiya yanvar və fevral aylarında fasilədən sonra yenidən qızıl alışına başlayıb. Beynəlxalq Valyuta Fondunun məlumatlarına görə, Rusiya 2005-ci ildən bu yana qızıl ehtiyatını 3 dəfə artırıb. Çin, Qazaxıstan, Türkiyə, Hindistan da öz ehtiyatlarının bir hissəsini qızıla çevirməyə başlayıb.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirir ki, Rusiya və Çin kimi ölkələr valyuta ehtiyatlarında qızılın həcmini artırma meylləri dolların yığım üçün istifadəsinin təsirini azaltmaq məqsədi ilə həyata keçirilir: "Bu, dollara qarşı açılmış cəbhə kimi qiymətləndirilir. Xüsusi ilə də 2014-cü ildə Rusiya öz valyuta ehtiyatlarında dolların həcmini mümkün qədər sıxışdırmaq və xaririci əlaqələrində ayrı-ayrı ölkələrlə qarşılıqlı razılıq əsasında daxili valyuta ilə alqı-satqının həyata keçirilməsinə cəhd göstərir. Son dövrlər valyuta bazarlarında baş verən dəyişiklər - avronun dəyərsizləşməsi və dolların 2008-ci ildən 2014-cü ilin ortalarına qədər ucuzlaşma dövrü yaşaması dünya mərkəzi banklarının öz valyuta ehtiyatlarında qızıla yer verməsinə gətirib çıxardı. Lakin 2014–cü ilin ikinci yarısından etibarən, artıq dünya mərkəzi bankları yenidən dolların yığılması istiqamətində qərar verdilər. Çünki, ehtimal olunur ki, Federal Rezerv Bankı bu ilin ikinci yarısında uçot dərəcəsini qaldıracaq. Dolların mövqeyinin yenidən möhkəmlənməsi üçün bu kifayət edir. Bu da mərkəzi banklar üçün əlavə gəlir mənbəyinə çevrilə bilər. Ancaq söhbət Rusiyadan gedirsə, mümkün qədər öz valyuta ehtiyatlarını diverfikasiya etməyə çalışır. Bu məqsədlə 2014-cü ilin sonlarında kütləvi qızıl alışı həyata keçirib. Eyni zamanda güman olur ki, 2015-ci ildə qlobal böhran baş verərsə, qızılın qiymətində kəskin artımlar olacaq. Bu isə Rusiya Mərkəzi Bankı üçün əlavə dividendlər gətiricək. Lakin hələlik 2015-ci ildə qızıl üçün proqnozlar heç də effektiv deyil. Hazırki böhrana xas olan xüsussiyyətlərdən biri odur ki, böhran daha çox enerji böhranıdır. Belə olduğu təqdirdə dünyanın 40-a yaxın ölkəsi əziyyət çəkdiyi halda 170 ölkə daha ucuz enerji əldə etməkdən öz tədiyyə balanslarında və iqtisadiyyatlarında müsbətə doğru irəliləyişlər əldə edəcəklər. Ancaq Rusiya Mərzkəzi Bankı qızıldan əldə olunmuş dividendərlərlə ciddi mənfəət əldə edə bilməyəcək. Düzdür, Rusiya bundan sonrakı dövrlərdə qızıl ehtiyatlarının həcmini artırmağa cəhd göstərəcək. Xüsusi ilə baş verəcək siyasi böhranlara qarşı, Rusiya blokadaya alınacağı təqdirdə hökmətin müəyyən müddətə ölkə iqtisadiyyatını idarə etmək məqsədi ilə həyata keçirilən addımdır”.
Ekspertin fikrincə, indiki zamanda Azərbaycan da analoji addımı atmayacaq: "Çünki, dolların qiymətinin bahalaşacağı gözlənilir. Bu isə xüsusi ilə 2014-cü ildə valyutada və digər qiymətli kağızların qiymətləndirilməsindən ortaya çıxacaq zərərin kompensasiyası üçün müsbət amilə çevrilə bilər. Azərbaycanın da valyuta ehtiyatlarında qızılın həcmi yüksəkdir. Bizdə əsasən qızıl ehtiyatına Dövlət Neft Fondu malikdir. ARDNF-nun 970 min unsiyaya yaxın qızıl ehiyatı var. Əgər belə addım atılarsa, doğru zaman seçilməlidir. Hazırki məqam isə qızıl almaq üçün uyğun zaman deyil”.