İqtisadçıların sözlərinə görə, avronun bu dəfəki ucuzlaşması uzun müddəti əhatə edəcək. Çünki, ABŞ-ın yeni iqtisadi siyasəti dolların bahalaşması üzərində qurulub. İki valyuta arasında kəskin fərqin yaranması demək olar ki, dünyada əksər ölkələrin valyuta ehtiyatlarına təsirsiz ötüşməyəcək. Həmçinin, avronun ucuzlaşması Avropa mallarının qiymətini aşağı sala bilər. Bu fonda xüsusən də Avropadan gələn avtomobillərin və məişət avadanlıqlarının qiymətinin aşağı düşməsi qaçılmazdır.
Qeyd edək ki, Azərbaycan idxalının 60 faizə qədərini, ixracının isə yarısını Avropa ölkələrilə aparır. Ancaq dolların bahalaşmasının ölkəmizin valyuta ehtiyatlarına müsbət təsiri var.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, dolların möhkəmlənməsi ABŞ Federal Rezerv Bankının bu ilin 30 iyulda keçirdiyi son yığıncaqda qəbul etdiyi qərarlardan sonra başladı: "Belə ki, Federal Rezevr Bankı uçot dərəcəsinin 0.25%-ə qədər azaldılması ilə bağlı qərar qəbul etdi. Eyni zamanda Fedeal Rezerv Bankı satın alacağı bondların həcminin 25 milyard dollar azaldılması ilə qərar qəbul etdi.
Bu da təbii ki, ABŞ-ın pul kredit siyasətinə təsir göstərdi. ABŞ milli valyutasının möhkəmlənməsinin digər səbəblərindən biri də ABŞ-da inflyasiya həddinin 2% səviyyəsində olması və 2014 –cü ilin sonuna qədər 2%-lik həddin qorunub saxlanılmasıdır. Yəni, son zamanlar ABŞ-da müşahidə edilən iqtisadi artımla bağlıdır. O baxımdan bütün bu amillər dolların məzənnəsinin möhkəmlənməsinə gətirib çıxardı”.
Ekspertin fikrincə, əslində, dolların məzənnəsinin möhkəmlənməsi Azərbaycan üçün əlverişlidir:
"Ona görə əlverişlidir ki, Azərbaycan Mərkəzi Bankındakı rezervlərin 90, eyni zamanda Azərbaycan Dövlət Neft Fondundakı rezervlərin 70%-i ABŞ dolları ilə saxlanılır. Yəni, bu gün ABŞ dolları ilə saxlanılan rezervlərin həcmi ümumi rezervlərin 80%-dən artıqdır. Dolların məzənnəsinin möhkəmlənməsi birmənalı olaraq Azərbaycana imkan verir ki, rezervlərinin artırmasına nail ola bilsin. Yəni, dollar ilə saxlanılan dövlət rezervlərinin həcmində artımlar müşahidə ediləcək.
Dövlət rezevrlərinin həcminin artırılması baxımından ABŞ dollarının dünya bazarında möhkəmlənməsi Azərbaycan üçün əlverişlidir. Eyni zamanda Azərbaycan neft ixrac edən ölkədir. Azərbaycan özünün neftini ABŞ dolları ilə satır. Eləcə də nəzərə alaq ki, ixracatın böyük hissəsini neft məhsulları təşkil edir. Odur ki, dollar ilə satılan neft məhsullarının və dollarla ifadə olunan ixracatın həcminin artması baxımından dolların məzənnəsinin möhkəmlənməsi arzuolunandır. Ona görə də Azərbaycan birmənalı şəkildə dolların dünya bazarında mövqeyinin möhkəmlənməsindən iqtisadi gəlir əldə edəcək”.
Vüqar Bayramov onu da qeyd etdi ki, avronun məzənnəsinin aşağı düşməsi Azərbaycana Avropa Birliyindən gətirilən məhsulların həcminin artmasına səbəb ola bilər: "Çünki, nəzərə alaq ki, avronun məzənnəsinin azalması avro ilə istehsal olunan məhsulların qiymətinin aşağı düşməsinə imkan verəcək.
Həmin məhsulların qiyməti aşağı düşdüyü üçün artıq onların ixrac qabiliyyətinin artacağı güman edilir. Yəni, dolların məzənnəsinin möhkəmlənməsi Azərbaycanın dövlət gəlirlərinin artmasına şərait yaradacaqsa, avronun məzənnəsinin aşağı düşməsi isə Avropadan Azərbaycana idxalın həcmini artmasına təsir göstərəcək. Eyni zamanda güman olunur ki, Azərbaycan qeyri-neft məhsullarının Avropa bazarlarında rəqabət aparma imkanlarını müəyyən qədər çətinləşdirəcək”.
Mənbə: Movqe.az