Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları bu ilin sentyabr ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 83 milyon 10 min ABŞ dollarının xalis satışını həyata keçirib.
Azərbaycan Mərkəzi Bankının (AMB) xəbərinə görə, artıq ardıcıl olaraq yeddinci aydır ki, banklar tərəfindən əhaliyə dollar satışı alışı üstələyir. Sentyabr ayında banklar tərəfindən əhaliyə 237 milyon 262 min dollar satılıb. Bu müddətdə isə əhalidən 154 milyon 253 min dollar alınıb.
Avqust ayı ilə müqayisədə xalis nağd dollar satışında 4,6 dəfə azalma qeydə alınıb. Belə ki, bu müddətdə nağd dollar alışı 2%, satışı isə 2,3 dəfə azalıb.
Dollara tələbat niyə artıb?
Maliyyə eksperti Samir Əliyev məsələ ilə bağlı redaksiyamıza açıqlamasında qeyd edib ki, dollara tələbatın artması ilk növbədə idxalın çoxalması ilə bağlıdır:
"Ötən ilin müvafiq dövrləri ilə müqayisədə dollara tələbatın yüksək olduğunu müşahidə edirik. Devalvasiyadan sonra Prezident tərəfindən 15 sentyabr 2016-cı ildə icra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində satınalmaların səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalandı. Fərmana əsasən, icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən 2018-ci il 1 yanvar tarixədək idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınması dayandırıldı. Bunun hesabına idxal xeyli azaldı. İdxal, kapital axınının bir formasıdır. O artdıqca, ölkədən dollar çıxışı da artır. Bu ildən etibarən limitin götürülməsi ilə idxalın artması müşahidə edilir. Bu isə ona gətirib çıxarır ki, dollara tələbat artır və dollar satışı da öz növbəsində çoxalır".
İqtisadçı bildirib ki, dollara tələbatın ilin sonuna kimi yüksək səviyyədə qalacağı gözlənilir:
"Dollara tələbatın artmasının digər səbəbi yay aylarında, xüsusilə də iyul-avqustda qonşu ölkələrdə milli valyutaların dəyər itirməsi ilə bağlıdır. Həmin ölkələrdə baş verən proseslər bazarda müəyyən gərginlik yaratdı və dollara tələbat kəskin artdı. İdxalın artması, digər tərəfdən ilin sonuna doğru dövlətin borc öhdəlikləri, o cümlədən büdcə xərclərinin artması fonunda dollar alışı artacaq. Daxili tələbat tam olaraq yerli istehsal hesabına təmin edilə bilmədiyi müddətdə, ölkədən dollar axını yüksək olaraq qalacaq. Çıxış yolu daxili istehsalı artırmaq və qorumaqdır (yerli sahibkarlığa dəstək, gömrük rüsumlarının artırılması ilə idxalın məhdudlaşdırılması)".
kommersant.az