DMC2017 ilə bağlı icmal: Tədbir necə keçdi | Banco.az

DMC2017 ilə bağlı icmal: Tədbir necə keçdi

Diqqət, subyektiv fikir var!!!

Noyabrın 11-i, çoxdan gözlədiyimiz və media tərəfdaşı olduğumuz DMC2017, 3-cü Rəqəmsal Marketinq Konfransı baş tutdu. Konfransı sadəcə media dəstəkçisi deyil, həm də bir izləyici gözü ilə və bir çoxlarından fərqli olaraq, başdan sona qədər izlədiyim üçün, bir izləyici kimi tədbirlə bağlı öz fikirlərimi paylaşmaq istəyirəm. Əlbəttə ki, 500-dən çox insanın qatılmış olduğu bu tədbiri baş tutmuş hesab etmək olar, bəs sonuncu çıxışı izləyən neçə nəfər idik?

Tədbirin ən yaxşıları

Ən yaxşı spikerlər

  • Rizvan Bağırlı – öz mövzusuna ən yaxşı hazırlaşmış, neqativ emosiyalara yol verməyən, başdan axıra qədər çıxışının məğzini insanlara çatdıra bilmək baxımından ən uğurlu spiker idi. Yəni mütləq deyil ki, sizə verilən 15 dəqiqədə hər şeydən danışasınız, bir fikri götürüb, onu daha detallı təqdim etmək, insanların fikrini yayındırmamaq daha effektiv alındı.
  • Tuğra Şükürova – ən çox gözlənilən və bəyənilən çıxışlardan oldu.. Kontent və kontekstin maraqlı qarşılaşdırılması verildi, öyrəniləcək bir çox məqamlara toxunuldu.
  • İmran Bağırov – qulaq asmağı bacaranlar üçün gerçəkdən faydalı çıxış idi. Düzgün müştəriyə çıxmamaqla bağlı, hər kəsə eyni kampaniyanı təklif etməmək, xəta səviyyəsini azaltmaq, “lean” və “6 sigma” kimi vacib nüanslara toxunuldu.

Haşiyə:

Dünyada şirkət səhmlərinin qiymətinin enib-yüksəlməsinə təsir edən bir qayda var: Şirkətləf maliyyə göstəricilərini açıqlayanda, mənfəətdə olmaqlarına rəğmən əgər gözləntiləri qarşılamırlarsa, səhmlərin qiyməti enir. Yəni gözləntiləri nəinki qarşılamaq, onları üstələmək, ya da öncədən təvazökar davranıb, onları aşağı tutmağı bacarmaq lazımdır.

Mehriban Həsənova və Tural Yusifovun çıxışları gözləntilərə uyğun idi və bəyəndiklərim sırasındadır.

Tədbirin jesti

Yaddaqalan digər bir məqam səhnəyə eyni anda iki Murad Muradov çıxması idi, birinə hədiyyə çatdı, digərinə yox... Həmin şəxsin yerinə mən üzüldüm.

Lakin az sonra gecikmiş olsa da jest gəldi – Finaldan. Heyf ki,  o məqam lazımınca auditoriyaya çatdırılmadı. Yəni adını uduşlu zənn edib, səhnəyə çıxmış ikinci Murad bəyə də telefon hədiyyə edildi. çox yaxşı bir gediş idi. 

Ən sərfəli kredit üçün müraciət et

Tədbirin üstünlüyü

Əlbəttə ki, networking deyə tədbirə gələnlər qazanmış oldu, yeni insanlarla tanış olmaq imkanı var idi. Həmçinin çoxdan görə bilmədiyimiz bəzi dostları gördük.

Təkliflər

Tədbirin moderatoru dəyişilsin – hər bir çıxışın sonunda neqativdən başqa nəsə söyləməyən bir insana moderatorluq niyə həvalə olunub anlamdım, bir dinləyici olaraq məni qıcıqlandırırdı, fərq etməz edilən irad haqlı və ya haqsız idi, davranış və deyiliş tərzi kobud idi.   

Yaxşı peşəkar hələ yaxşı natiq deyil

Spikerlər üçün tədbirdən öncə Rəşad Bayramovun “Təsirli nitqin 4 sirri” təlimini təşkil edə bilərsiniz. Çünki yaxşı məzmun hələ işin yarısıdır və onun təqdimatı eyni dərəcədə vacibdir.   

Konfransın iki hissəyə bölünməsi – yəni bir gün ərzində 15-16 çıxış izləmək yorucudur, sona qalan spikerlərə qarşı haqsızlıq olur sanki. Yəni izləyici onların çıxışını artıq yorğun halda dinləməli olur. Bəlkə iki günə bölünsə, və ya iki hissəyə bölünsə, izləyicilər prioritet olaraq seçim etsələr ki, onlar məhz hansı çıxışı izləmək istəyir daha səmərəli olar. Yəni konfrans hamı üçün 9:00-da deyil (əslində daha gec başlamışdı), bir qisim üçün 14:00-da başlaya bilərdi və spikerlərin bölgüsü öncədən tematik olaraq aparıla bilərdi.

Təşkilatçılıq

Tədbirin başlanması, zala daxil olma, nahar fasiləsində və çay fasiləsində yaranan növbələr - əslində bu ilk tədbir olmadığı üçün nəzərə alına biləcək məqamlardır, yayınmaq mümkün idi.

Pozitiv

Heç bir iş asan deyil –istər bu bir kitab yazmaq olsun, istər də də bir konfrans təşkili, istər də bir postun hazırlanması. Ona görə də böyükdən kiçiyə, tədbirin ərsəyə gəlməsində əziyyəti olan DMC komandasının hər bir üzvünə təşəkkür edirik, əminik ki, bu tədbirin sonunda da özü üçün yeni nəsə öyrənənlər də oldu, təcrübə qazananlar da.  

Könül Soltanova, Banco.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et