“Ölkədə vətəndaşların pensiyaya çıxmaq yaşının artırılması məsələsi, əslində, çoxdan müzakirədədir. Yəni, bu mövzu indi ortaya atılmayıb.
Belə ki, keçmiş Dövlət Sosial Müdafiə Fondu (DSMF) rəhbərliyi tərəfindən hələ 2-3 il öncədən uzaq gələcəkdə Azərbaycanda vətəndaşların pensiyaya çıxmaq yaşlarını artırmaq barədə müvafiq islahata ehtiyac olduğu barədə açıqlamalar irəli sürülmüşdü”.
Bu sözləri açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.
“Bu, onda da çox ciddi ajiotaj yaratmışdı. Halbuki söhbət, gələcəkdən gedirdi. Bu məsələnin birinci tərəfi. İkincisi, pensiya yaşının qaldırılması mövzusu təkcə bizdə aktual deyil. Hansı ölkə iqtisadi və maliyyə çətinlikləri ilə üzləşirsə, hökumətlərin gündəliyi çıxartdığı hər 2-3 məsələdən biri istər-istəməz məhz bu, olur.
Məsələn, Avropa ölkələrində bu mövzu periodik olaraq həmişə aktual xarakter daşıyıb. Bir ara Avropa İttifaqı (Aİ) Yunanıstana, İtaliya və Portuqaliyaya görə, lap pis çətinliklərə düşmüşdü, Almaniya kansleri Angela Merkel Aİ ölkələrində pensiya yaşını yuxarı qaldırılmağı təklif etmişdi.
Çünki Aİ-də yaranmış böhranla əlaqədar əksər ölkələrdə sosial xərcləri azaltmaq tələb olunurdu. A.Merkel də fikrini məhz bununla əsaslandırmışdı ki, sözügedən məsələ Avropa ölkələri üçün olduqca vacib sayılır.
Kanslerin təklifinə əsasən, bütün Avropa ölkələrində qadın və kişilərin pensiyaya çıxmaq yaşı 67-dən ibarət olmalı idi. Sözüm bunda deyil. Məsələ bundadır ki, uzunmüddətli perspektivdə Azərbaycanda pensiya yaşını artırmaq barədə islahat aparmaq həqiqətən vacibdir.
Belə ki, birincisi, bu gün bizdə büdcə təşkilatlarında çalışanların fəaliyyət müddəti 65 yaşa qədərdir. İkincisi, həm neftin dünya bazar qiymətlərinin enməsi fonunda, həm də ümumiyyətlə, gələcəkdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-in maliyyə dayanıqlılığının təmin olunması olduqca vacib məsələdir.
Üçüncüsü isə insanların istehsalatda peşə fəaliyyətləri müddəti ilə pensiyaya çıxmaq yaşları arasında həqiqətən də müəyyən uyğunluq yaradılmalıdır. Ancaq bunlar təkcə pensiya yaşının artırılması ilə həllini tapa bilməz. Məsələn, deyilir ki, pensiyaya çıxandan sonra maksimum 12 il yaşaya bilərsən. Belə ki, 12 ili keçdinsə artıq “özgə hesabına” təqaüdçü sayılırsan.
Əlbəttə, bu, absurd məntiqdir. DSMF-in maliyyə dayanıqlılığının təmin olunması məsələsi məcburi dövlət sosial sığorta ayırmaları üzrə və o cümlədən digər daxilolmalardan asılıdır ki, bunu bilavasitə vətəndaşların pensiyaya çıxma yaşlarının həddi ilə əlaqələndirmək düzgün deyil.
Hazırda Fondun vəsaitləri həm hər ilin dövlət büdcəsindən transfert, həm də məcburi dövlət sosial sığorta ayırmalarından əldə olunan vəsait hesabına toplanır ki, ikinci üzrə daxilolmalar əgər qənaətbəxş səviyyədə olarsa, birinciyə əslində heç bir ehtiyac qalmaz. Fondun xərclərinin 95%-dən çoxu əmək pensiyalarının ödənilməsinə sərf olunur. DSMF-ın yükü çox ağırdır.
Bir tərəfdən pensiyaya çıxanların sayının sürətlə artması, digər tərəfdən isə ödənilən pensiyaların istənilən səviyyədə olması tələbi, təkcə Fondun öhdəsindən gələ biləcəyi iş deyil. Ölkədə həm məcburi dövlət sosial sığorta ayırmaları üzrə ödənişlərin həcmi durmadan artmalıdır, həm də vətəndaşların pensiya, ümumiyyətlə, sosial müdafiəsi tədbirləri ilə özəl qurumlar da məşğul olmalıdırlar.
Yəni, pensiya məsələsinə kompleks yanaşmaq lazımdır. Bəli, razıyam ki, heç kimin gələcəkdə alacağı pensiya məbləğində bir başqasının əməyi, yəni sosial sığorta ödənişi yer almalı deyil.
Hər kəs işlədiyi müddətdə ödədiyi vergiyə əsasən pensiya almalıdır.
Ancaq hansı maaşla?!. Yəni, hər bir vətəndaşın - işçinin gələcəkdə alacağı pensiyanın yaxşı məbləğdə olması istənilirsə, aldığı əmək haqqından tələb olunan səviyyədə sosial sığorta haqqı ödənməlidir. Bunun üçün isə sözsüz ki, maaş yüksək məbləğdə olmalıdır.
Sözün qısası, DSMF-ın xərclərinin azaldılması və gəlirlərinin çoxaldılması məqsədi güdülür və buna nail olmaq istənilirsə, təkcə pensiyaya çıxma yaşını uzatmaqla deyil, qanunsuz yolla pensiyaya çıxma halları tamamilə aradan götürülməli, sığorta ödənişlərinin artırılması da təmin olunmalıdır”, - deyə P.Heydərov qeyd edib.
Mənbə: Oxu.az