"Deutsche Bank"ın səhmləri ucuzlaşaraq tarixi minimumu yeniləyib | Banco.az

"Deutsche Bank"ın səhmləri ucuzlaşaraq tarixi minimumu yeniləyib

Buna səbəb Almaniya hökumətinin ABŞ-la problemləri olan banka dəstək verməməsidir. Kansler Angela Merkelin rəhbərlik etdiyi hökumət hesab edir ki, "Deutsche Bank" problemlərinin öhdəsindən özü gəlmək iqtidarındadır: "Vergi ödəyicilərinin hesabına edilən yardım hər hansı söhbət gedə bilməz".

Xatırladaq ki, ABŞ-ın Ədliyyə Nazirliyi Avropanın ən iri bankından 14 mlrd. avroluq təzminat tələb edir. Hökumət bankı 2008-ci ildə ipoteka qiymətli kağızları ilə maxinasiyalarda ittiham edir.

Analitiklər hesab edir ki, hökumətin dəstəyi olmadan "Deutsche Bank" bu cür ciddi problemin öhdəsindən çətin gəlsin. Hesablamlara görə, gələn il ən yaxşı halda bank bu istiqamət üzrə 3 mlrd. avrodan artıq sərf edə bilməz. Maraqlıdır ki, hətta bu vəsait ABŞ hökumətinə ödənilərsə, bankın I dərəcəli kapitalında ciddi çatışmazlıq olacaq.

Siyasi ekspertlər isə hesab edir ki, Almaniyanın hakim partiyası banka vergi ödəyicilərinin hesabına yardım etməməklə sadəcə seçkiöncəsi dividend qazanır. Digər ekspertlər isə problemin yalnız bunda olmadığını qeyd edir. Onlar qeyd edir ki, dövlət "Deutsche Bank"a yardım göstərdiyi halda, Avropanın digər ciddi problemlərlə üzləşən iri bankları dövlətdən dəstək umacaq. Söhbət ilk növbədə italyan banklarından gedir.

Əlavə edək ki, "Deutsche Bank" qaranlıq taleyi xeyli vaxtdır investorları narahat edir. Məhz bu maliyyə nəhəngini qlobal maliyyə sabitliyinin əsas təhlükəsi adlandırırlar. Bəziləri hətta "Deutsche Bank"la 2008-ci ildə baş verən qlobal maliyyə böhranının səbəbkarı olan "Lehman Brothers" bankı ilə müqayisə edirlər. Hətta onların səhmlərinin dinamikası da eynidir.

Ən sərfəli kredit üçün müraciət et

Daha bir maraqlı fakt ondan ibarətdir ki, Almaniyanın hakim partiyasının üzvləri "Deutsche Bank"la "Lehman Brothers"ı müqayisə etməməyi çağırdığı halda, birja iştirakçıları bu çağırışa ABŞ bankının rəhbəri olan cənab Fuldun müflisləşmədən 1 ay öncə dediyi məşhur "Ən pis dövr geridə qalıb" ifadəsi ilə cavab veriblər.

Qeyd edək ki, "Deutsche Bank Advisors" ARDNF-nin aktivlərinin təxminən 100 mln. dollarından artıq hissəsini idarə edir. Ümumilikdə, 2015-ci ilin dekabr ayının nəticələrinə əsasən investisiya portfelinin 7,1%-i xarici menecerlər tərəfindən idarə edilir. ARDNF-dən bildirlir ki, vəsaitlərin idarə olunmasında xarici menecerlərin xidmətlərindən istifadə edilməsi onların müvafiq sahələrdəki bilik və bacarıqlarından faydalanmaq, eləcə də qabaqcıl dünya təcrübəsinin daxili idarəetmədə olan portfelə tətbiqi nöqteyi-nəzərindən ciddi əhəmiyyət kəsb edir.

31 dekabr 2015-ci il tarixinə fond maliyyə təşkilatları ilə ("xarici menecerlərlə") aktivlərin idarə edilməsi haqqında razılaşmalara əsasən 3 mln. 708,059 min manat (2 mln. 377,875 min dollar) məbləğində vəsait, o cümlədən pul vəsaitləri və onların ekvivalentlərini saxlayıb. 2013-cü, 2014-cü və 2015-ci illər ərzində fondun xarici menecerləri kimi "Deutsche Bank AG", Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı Qrupu), "State Street Global Advisors" və UBS çıxış ediblər.

Mənbə : apa.az