Deputatdan büdcəyə dair PROQNOZ | Banco.az

Deputatdan büdcəyə dair PROQNOZ

“2017-ci il dövlət büdcəsi haqqında” qanun dövlət başçısı tərəfindən imzalandı. Gələn ilin büdcəsini xarakterizə edən maraqlı nüanslar var. 

Ümumi olaraq qeyd etmək istərdim ki, 2017-ci ilin büdcəsi 2016-cı ildə dünya iqtisadiyyatında baş verən dəyişiklikləri (neftin qiymətinin kəskin azalması, neft qiymətlərinin qeyri-sabitliyi, Avropada “Brexit” prosesinin təsiri, bütün bunların beynəlxalq maliyyə bazarlarına təsiri və s.) dərin təhlil edilib.

Həmçinin, 2017-ci ildə Azərbaycanı gözləyən iqtisadi təhdidləri və imkanları proqnoz edərək hazırlanıb. Yeni ilin büdcəsi daha yığcam və qənaətcil olacaq”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib.

O deyib ki, 2017-ci ildə büdcə xərcləri 2016-cı ilə nisbətən 1,595 mlrd. manat azaldılıb. Lakin azalmalara baxmayaraq, büdcənin sosial xərcləri 2016-cı ilə nisbətən 6%-ə qədər artırılıb. 

Deputatın sözlərinə görə, sosial xərclər bütün büdcə xərclərinin 40%-nə qədərini təşkil edəcək. “Büdcə kəsiri isə 2016-cı ilə nisbətən 1,028 mlrd. manat azalaraq 645 mln. manat təşkil edəcək ki, bu da 2017-ci ildə proqnozlaşdırılan ÜDM-in 10%-ni təşkil edəcək. Bu isə beynəlxalq norma sayılır.

Ən sərfəli kredit üçün müraciət et

Neft Fondundan büdcəyə transfertlərin həcmi 1,5 mlrd. manat azaldılaraq 6,1 mlrd. manata çatdırılması planlaşdırılır ki, bu da növbəti illərdə büdcə gəlirlərinin formalaşmasına qeyri-neft sektorunun rolunun artacağını göstərir.

2017-ci il büdcəsində ilk dəfə olaraq büdcə gəlirlərinin 50%-dən çoxu qeyri-neft sektoru gəlirləri hesabına formalaşacaq. Neft Fondundan olan transfertləri nəzərə almasaq, 2017-ci ildə büdcə gəlirləri 2016-cı ilə nisbətən 0,9 mlrd. manat artacaq.

İlk dəfə olaraq 2017-ci ilin büdcəsində yerli gəlirlərlə yerli xərclərin nisbəti minimuma endirilib. Əgər 2016-cı ildə bu fərq xərclərin xeyrinə 775 mln. manat idisə, 2017-ci ildə 68 mln. olması planlaşdırılır. 

Büdcə xərclərinin ÜDM-ə nisbəti 27% olacaqdır ki, bu da orta dünya göstəricilərinə yaxındır (29%). Vergi gəlirlərinin ÜDM-ə nisbəti 12% planlaşdırılır ki, bu da orta dünya göstəricilərindən aşağıdır (15%). Bu əslində Azərbaycanda vergi yükünün digər ölkələrə nisbətdə daha aşağı olmasından xəbər verir. 

2018-ci ildən başlayaraq büdcə kəsirinin profisitə çıxması, 2020-ci ildən başlayaraq isə büdcənin cari xərclərini tamamilə qeyri-neft sektoru gəlirləri hesabına formalaşması planlaşdırılır”.

Mənbə: Modern.az

Ən sərfəli krediti almaq üçün müraciət et