Azərbaycanda depozitləri cəlbedici edən məqamlardan biri də fiziki şəxslərin banklara yerləşdirdiyi əmənətlərdən vergi tutulmamasıdır.
Bu amil, yüksək faizli depozitlərimizi nəinki yerli, həm də əcnəbi vətəndaşlar üçün maraqlı edir, xüsusən də böhran vəziyyətində olan avropalılar üçün.
Qeyd edək ki, banklarda yerləşdirilən depozit məhsulları hüquqi və fiziki şəxslər üçün nəzərdə tutulmaqla iki hissəyə ayrılır. Ekspert Cəlal Sevdimov bildirir ki, bu məhsullar arasında əsas fərq verginin tutulması ilə bağlıdır:
“ Fiziki şəxslərin əmanətlərindən heç bir halda (Qeyri rezident olsa da belə) vergi tutulmur. Hüquqi şəxslərdən isə ödəmə mənbəyindən vergi tutulur. Sənədləşmələrdə də fərqlər mövcuddur. Ödəmə mənbəyindən tutulan verginin miqdarı isə 10%-dir. “
Depozitin hesablanması, vergilərin çıxılması və daha sonra müştərinin nə qədər gəlir eldə etməsinı isə belə bir nümunədə nəzərdən keçirmək olar
Hüquqi şəxs 10.000 AZN əmanət yerləşdirmişsə əgər 1 il müddətinə illik 8 %lə. Bu zaman 1 ilə müştəriyə 800 AZN faiz hesablanacaqdır. Bu 800 manatın 720 manatı müştəriyə , 800 manatın 10 %i isə (80 AZN) vergiyə yönəldilir.
Eyni məbləği fiziki şəxs yerləşdirdikdə, heç bir vergi ödənmir.
Əmanətlərin faiz dərəcələrinə gəldikdə isə, ekspertimiz bildirir ki, “ölkə iqtisadiyyatının inkişafı faiz dərəcələrində hər zaman böyük rol oynayır. Lakin ölkənin iqtisadi inkişafı aşağı olduqda, bankların nağd vəsaitə ehtiyacları yaranır və banklar vəsaitin cəlb olunması üçün illik faiz dərəcələrini yüksək etməyə məcbur olurlar”.
Nəhəng banklarda adətən depozit faizləri daha aşağı olur. Təbii ki, bu həmin banka olan etimad amili ilə bağlıdır. C.Sevdimov qeyd edir ki, böyük bankların yetərincə vəsaitləri olduğundan onlara əlavə vəsait cəlbi və bu vəsaitə görə faiz ödənilməsi maraqlı deyildir. Buna təsir edən əsas faktorlar - işçi qüvvəsi, vaxt, vəsait və sairə göstərmək olar.
Biz isə ölkəmizdəki faiz dərəcələrinin yüksəkliyi, uzunmüddətli müqavilələrdə isə hətta 12-15% dərəcəsinə çatdığını görə bilərik. Bizdən fərqli olaraq, uzunmüddətli planlara üstünlük verən əcnəbilər, Beynəlxalq Bank, Kapital Bank, XalqBank kimi banklara uzunmüddətli depozitlər yerləşdirirlər. Bu zaman əmanətin sığortalı olmaması belə onları çəkindirmir, Çünki sözü gedən banklar sistem üçün əhəmiyyət kəsb edən banklardır.