Dünya bazarında avronun və yuanın qeyri-sabit məzənnə gedişlərini göstərməsindən sonra onların beynəlxalq ticarət dövriyyəsindən sıxışdırılması hiss olunur. Əvəzində dollarla əməliyyatlara üstünlük verilir.
Buna görə Azərbaycanda da bu tendensiya bankların depozit portfelində özünü göstərir. İlk 9 ayda depozitlərin 80%-i dollarla olub. Qalan 20%-in böyük hissəsi manatla, az qismi isə avroda olub.
2016-cı ilin 11 ayının yekunlarına görə, deposit portfelinin 81,2 faizi dollarla ifadə olunub. Ötən ilin noyabr ayında depozitlərin ümumi miqdarında artım müşahidə olunub. Belə ki, oktyabra nisbətən cəmi depozitlərin miqdarı təqribən 400 milyon manat artaraq 22 milyard 651 milyon manata çatıb. Bu depozitın manatla saxlanılan hissəsi 5 milyard 531 milyon manat, xarici valyutada saxlanılan hissəsi isə 17 milyard 120 milyon manatdır
Buradan açıq şəkildə görürük ki,noyabr ayında da əhalinin dollarla depozitə olan tələbi manatla depozitə olan tələbindən qat-qat çoxdur.
Qeyd edək ki, manatda yerləşdirilən depozitin 2 milyard 675 milyon manatı tələbli, 2 milyard 855 milyon manatı müddətlidir. Xarici valyutada yerləşdirilən depozitin isə 5 milyard 55 milyon manatı tələbli, 12 milyard 65 milyon manatı müddətlidir.
Depozitlərin dollarlaşma prosesi isə 2014-cü ilin son rübündən başlayıb. İqtisadçı Rəşad Həsənov bildirib ki, Mərkəzi Bankın son aylarda pul siaysəti ilə bağlı bəyanatından sonra valyuta bazarı iştirakçıları xarici valyutaya üz tuturlar.
“Əmanətçilər öz vəsaitlərini daha çox təhlükəsiz valyutada saxlamğa üstünlük verirlər. Baxmayaraq ki, manatla əmanətlərin sığortalanan hissəsi 15%-ə qaldırıldı, burada risklər çox olduğundan əmanətçilərdə məzənnə ilə bağlı əndişəsi var”.
İqtisadçının sözlərinə görə, dollarla depozitlərin artması bank sektorunda valyuta mövqeyinə də təsir edir: “Məlumdur ki, indi dollarla kredit verilməsində ciddi problemlər var. Banklar isə manatla kreditləşmədə maraqlı deyillər. Ona görə də valyuta balansında çatışmazlıqlar yaranır, valyuta ehtiyatlarının həcmi dəyişir. Bu isə bankların borc yükünü artıra bilər”.
©Fins.az