DəmirBank-ın illik audit hesabatında 2016-cı il üzrə Bank-ın təqdim etdiyi məlumatların uyğunluğu təsdiqləndi.
Hesabatda 2016-cı ilin maliyyə nəticələrinin auditi əsasında Bank-ın davamlı fəaliyyət göstərməsi üçün heç bir negativ halın olmaması əks etdirilib. Bank-ın növbəti 12 ay ərzində heç bir maliyyə çətinliyi ilə qarşılaşması gözlənilmədiyi qeyd edilib.
Hesabat dövründə böyük həcmdə kreditlər ödənilib. Bu isə DəmirBank-ın ani likvidlik əmsalının Maliyyə Bazarlarına Nəzarət Palatasının normativ tələblərini dəfələrlə üstələməyi ilə nəticələnib. Bankın mövcud likvidliyi depozit tələblərini tam vaxtında qarşılamaq iqtidarındadır və bu yeni kreditlərin verilməsi imkanları yaradıb.
Eyni zamanda məcmu kapitalın həcminin 184 milyon AZN məbləğinə artırılması planları audit hesabatında əks etdirilib.
Qeyd edək ki, bu ilin may ayının sonunda "BNE IntelliNews" beynəlxalq agentliyi Avropa Yenidənqurma və İnkişaf Bankı (European Bank for Reconstruction and Development, EBRD) "Dəmirbank" ASC-yə 41 mln. dollar məbləğində dəstək vermək istədiyini və bununla banka öz inamını ifadə etmək niyyətində olduğunu qeyd etmişdir. Hazırda EBRD "Dəmirbank"ın səhmlərinin 25%-nə sahibdir. Bundan əlavə Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) də DəmirBank-ın 10% səhmlərinə sahibdir.