Müəllif:Gülbəniz Hüseynli/Banco.az
"2023-cü ilin sonuna qədər debitor borclar 4 milyard 437 milyon manata qədər artıb. Debitor borcların artması ilə bağlı Hesablama Palatasının sədri qeyd etdi. Burada söhbət avans ödənilmiş vəsaitdən gedir".
Banco.az xəbər verir ki, bu fikirləri maliyyə naziri Samir Şərifov Milli Məclisin iclasında deyib.
Nazir bildirib ki, bu ödənişlər həyata keçirilərkən dövlət xəzinədarlıq əməkdaşları tərəfindən bu məbləğlər nəzərə alınır və müəyyən işlər görüldükcə avans məbləğlər azaldılır.
Bəs debitor kimdir, borc necə formalaşır?
Debitor dedikdə, kredit ilə əmtəə və ya xidmət alan şəxslər nəzərdə tutulur. Debitor borcu müəssisənin aktivi hesab olunur və tam həcmdə ödəniləndən sonra pula çevrilir.
Əgər debitor öhdəliklərini yerinə yetirirsə, kreditor bu icranı qəbul etməyə məcburdur. Əgər borclu müqavilə borclarını könüllü olaraq ödəmirsə, kreditor bununla bağlı məhkəməyə müraciət etmək hüququna malikdir. Qanunvericiliyə uyğun olaraq debitor borcları təsdiq edilməlidir. Qeyd edək ki, debitor borclarının müddəti 3, və debitor qismində xarici şəxs olduğu halda 4 il təşkil edir. Ödənilməsi mümkün olmayan debitor borclar müvafiq sənədləşmə aparılandan sonra silinirlər.
Məlumat üçün qeyd edək ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
Mülki Məcəllənin 373-cü maddəsinə əsasən, ümumi iddia müddəti on ildir.
Bunda əlavə:
- müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir;
- vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir;
- tələblərin ayrı-ayrı növləri üçün Mülki Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər;
- natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxtdır;
- təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri natura formasında ödənildiyi halda malı (işi, xidməti) təqdim edən şəxs üçün ƏDV tutulan əməliyyatın vaxtı təqdim edilmiş malın (işin, xidmətin) dəyərinin naturada əldə edildiyi vaxtdır.
Sahibkarlar bir həqiqəti nəzərə almalıdırlar ki, debitor borcu uzun müddət saxlamaq onlara heç nə qazandırmır. Əksinə, belə əməliyyatlara görə həmin müəssisələr riskli vergi ödəyicilərinin siyahısına salına bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!