İyulun 21-də DB Azərbaycan üzrə 6 illik strategiyanı müzakirə edəcək.
Bu barədə DB-nin Bakı nümayəndəliyindən məlumat verilib. “DB-nin Direktorlar Şurası 21 iyul tarixinə olan gündəliyə Azərbaycanla əməkdaşlıq strategiyasının müzakirəsini daxil edib”, - deyə bankın nümayəndəsi bildirib.
Strategiya 2015-2020-ci maliyyə illərini əhatə edəcək.
Strategiya çərçivəsində bank Azərbaycanda dövlət xidmətlərinin effektivliyinin möhkəmlənməsi, özəl sektorun dəstəklənməsi, maliyyəyə çıxış, biznes mühitin, infrastrukturun yaxşılaşdırılması, yolların, dəmir yollarının, kommunal xidmətlərin, insan ehtiyatlarının inkişafı üzrə layihələrin maliyyələşdirilməsini planlaşdırır.
DB-nin Direktorlar Şurası 2010-cu il oktyabrın 21-də Azərbaycanla 2011-2014-cü maliyyə illərini əhatə edən yeni əməkdaşlıq strategiyasını təsdiq edib.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Əməkdaşlıq dövründə DB Azərbaycanda 51 layihənin reallaşdırılmasına ümumilikdə $3,3 mlrd. kredit ayırıb. Hazırda 17 layihə həyata keçirilir.