Statistik rəqəmlərə əsasən, yanvar-oktyabr aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 8,2 faiz artaraq, 40190,7 milyon manata çatıb.Vəsaitlərin 4,4 faizi isə yığıma yönəldilib. Araşdırmalar onu göstərir ki, əhalinin banklardakı əmanətlərinin həcmi azalıb. Belə ki, 2016-ci ilin oktyabr ayına nisbətdə cari ilin anoloji dövründə əmanətlərin həcmi 10,1 faiz azalıb. Gəlirlərin artdığı şəraitdə əmanətlərin həcminin azalması əhalinin banklara olan inamsızlığından, eləcə də, əmanətlər üzrə təklif edilən faizlərin azalmasından irəli gəlir. Maraqlıdır, belə şəraitdə vətəndaş yığımlarını hansı valyutada saxlaya bilər və yaxud onların gəlirliyini təmin edə bilər?
İqtisadçı-ekspert Vüqar Bayramov bildirdi ki, əvvəllər vətəndaşlar vəsaitlərini daşınmaz əmlaka yatırıb, sonrada onu satmaqla gəlir əldə edirdilər. Lakin son 3 ildə daşınmaz əmlak kommersiya baxımından rentabelli deyil: "Belə ki, dollarla ifadədə daşınmaz əmlakın qiyməti ucuzlaşıb. Söhbət mənzil bazarından gedir. Şəhərə yaxın ərazilərdə kiçik sahəli torpaqlara investisiya yatırmaq olar. Torpaq fondu tükənən olduğu üçün bazarın bu seqmentində tələbin artması gözləniləndir”.
Ekspertin dediyinə görə, yığımların əhəmiyyətli hissəsinin dollarda saxlanması daha məqsədəuyğundur: “Dollar yenə də riski az olan valyuta növüdür. Nəzərə alsaq ki, avronun məzənnəsi dəyişir, gəlir əldə etmək baxımından müəyyən imkanlar yaradır. Son zamanlar avronun məzənnəsi yüksəlməyə başlayıb. Ona görə məqsədəuyğundur ki, valyutanın 50 faizi dollarda, 30 faizi avroda, digər 20 faizi isə cari xərcləmələr üçün manatda saxlanılsın”.
V.Bayramov bildirir ki, Azərbaycanın valyuta ehtiyatlarının saxlanılmasında eyni mexanizm tətbiq edilir.
Vəsaitlərin qızıla yatırılmasına gəlincə, iqtisadçı yanvar ayının 1-dən qızıl məmulatlarına tətbiq edilən verginin artırılacağını xatırlatdı: “Bu, qızılın xərcinə və qiymətinə təsir göstərəcək. Vəsaitlərin bir hissəsi qızılda da saxlanıla bilər. Baxmayaraq ki, qızılın alış və satış qiymətində fərq var”. Ekspertin dediyinə görə, qızılla yığımlar ümumi vəsaitdən çox olmamalıdır: “Yığımların ən yaxşı halda 3/1-nin qızıla yönəldilməsi yaxşı olar. Digər 3/2-si isə valyuta və digər formalarda saxlanıla bilər”.
O ki qaldı son dövrlər birjaların ən populyar valyutasına çevrilən bitkoinlə yığımlara, V.Bayramovun bu yöndə fikirləri birmənalı deyil: “Bitkoinin qiyməti qısa müddətdə bahalaşsa da, bu virtual valyuta ilə bağlı risklər yüksəkdir. Bu yöndə vəziyyət ABŞ, Yaponiya, Çin kimi ölkələrin münasibətindən asılı olacaq. Bitkoinə vəsait yatırılması indiki məqamda gəlir gətirir. Lakin qeyd etdiyim kimi, risklər yüksəkdir. Hətta bəzi qiymətləndirmələrə görə, bitkoin bazarda bir "köpük"dən formalaşıb. Bütün hallarda yığım şaxələnməlidir. O vətəndaş pulundan səmərəli istifadə edə biləcək ki, yığımlarını şaxələndirib".
Mənbə: Oxu.az