Müəllif:Mehin Qasımova,Banco.az
Danimarka hökuməti Ukraynanın enerji infrastrukturunun bərpasına dəstək məqsədilə 80 milyon Danimarka kronu (təxminən 12 milyon ABŞ dolları) ayıracaq.
Banco.az xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen məlumat verib.
Nazirin sözlərinə görə, vəsait Ukrayna Enerji Dəstək Fondu vasitəsilə ölkənin elektrik şəbəkəsinin bərpasına və qarşıdan gələn qış mövsümünə hazırlığa yönəldiləcək.
"Dəstək Fonduna əlavə 80 milyon kron ayırmaqla biz mühüm enerji infrastrukturunun bərpasına və Ukraynanın qarşıdakı qışa hazırlaşmasına kömək edirik", – deyə Rasmussen bildirib.
Qeyd edək ki, Ukraynanın enerji infrastrukturu müharibə dövründə dəfələrlə hücumlara məruz qalıb və ölkənin elektrik təchizatının bərpası beynəlxalq tərəfdaşların əsas dəstək istiqamətlərindən biri olaraq qalır.
