Daha 73 dövlət əmlakı özəlləşdirməyə çıxarılacaq | Banco.az

Daha 73 dövlət əmlakı özəlləşdirməyə çıxarılacaq

 Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ümumilikdə 73 dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 15 noyabrda növbəti hərrac keçiriləcək.

Komitədən verilən məlumata görə, budəfəki hərraca 25 səhmdar cəmiyyəti, 43 kiçik dövlət əmlakı və 5 nəqliyyat vasitəsi çıxarılıb. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “İmişli Pambıq”, “Neftçala Pambıq”, “Sabirabad İnşaat Sənaye”, “Gəncə Sənaye Tikinti”, “Bərdə Mexaniki Təmir”, “Kürdəmir Quşçuluq”, “Oğuz Kəndkimya”, “Tərtər Konserv” və digər bu kimi müəssisələr aiddir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Hərraca 43 kiçik dövlət əmlakından 13-ü kiçik dövlət müəssisə və obyekti, 30-u Bakı şəhərinin ayrı-ayrı rayonlarında yerləşən və kiçik biznes üçün əlverişli ola biləcək qeyri-yaşayış sahələridir. Bunların sırasında 10 kvadrat metrdən başlayaraq 1 700 kvadrat metrədək olan obyektlər vardır. Bəzi dövlət əmlakları torpaq sahəsi ilə birgə hərraca çıxarılıb və bu zaman tikili və torpaq sahəsi ayrı ayrılıqda qiymətləndirilib. Hərrac elanında isə həm torpaq sahəsinin, həm də tikilinin və eləcə də hər ikisinin hərraca çıxarılan ümumi ilkin satış qiyməti göstərilib. Hərrac qiymətləri 3000 manatdan başlayaraq 2,7 mln. manatadəkdir. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan 6 dövlət əmlakı Bakının Nəsimi, Binəqədi, Nizami, Sabunçu, Xəzər rayonu və Sumqayıt şəhərində yerləşir. Hərracda ən yüksək qiyməti olan dövlət əmlakı Bakının Nizami rayonunda yerləşən və torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılmış Təsərrüfat hesablı Təmir-tikinti sahəsidir. Belə ki, torpaq sahəsi 7 869,1 kvadratmetr və ümumi faydalı sahəsi 958,1 kvadratmetr olan dövlət əmlakının ilkin satış qiyməti 2 mln. 658,5 manatdır. Start qiyməti yüksək olan digər dövlət əmlakları paytaxtın Sabunçu rayonunda yerləşən Maşın Meliorasiya Stansiyası və Suraxanı rayonunda yerləşən 42 saylı mağazadır. Bu əmlaklar müvafiq olaraq 750 min və 800 min manat ilkin satış qiyməti olmaqla hərraca çıxarılıb. Ən aşağı start qiymətinə (3 min manat) malik dövlət əmlakı isə Bakının Nərimanov rayonunda yerləşən və qeyri-yaşayış sahəsidir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, qarşıdan gələn növbəti hərrac 25 oktyabrda keçiriləcək. Hərraca ümumilikdə 84 dövlət əmlakı özəlləşməyə çıxarılıb. Bunun 26-sı səhmdar cəmiyyəti, 36-sı kiçik dövlət müəssisə və obyekti, 22-si isə nəqliyyat vasitəsidir.

Qeyd edək ki, hərraclar açıq keçirilir və istənilən şəxs hərracda iştirak edə və əmlak sahibi ola bilər. Hərracda iştirak etmək üçün iştirakçı hüququnu əldə etmək kifayətdir. Bunun üçün komitənin elektron xidmətlər portalı vasitəsi ilə elektron qaydada, habelə Hərracların Təşkili üzrə Auksion Mərkəzi və onun regionla bölmələrində sifariş verib, əmlakın satış qiymətinin 10%-i məbləğində beh ödəmək kifayət edir.

Qeyd edilməlidir ki, sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Mənbə : apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et