Daha 10 dövlət əmlakı özəlləşdirilib | Banco.az

Daha 10 dövlət əmlakı özəlləşdirilib

"Özəlləşmə ilə bağlı tətbiq edilən “Elektron hərrac” xidməti sifarişlərin elektron qaydada verilməsi prosesini olduqca sürətləndirib və investor marağını artırıb".

 

Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) “APA-Economics”ə verilən məlumata görə, özəlləşmə sayəsində Bakı ilə yanaşı regionlarda yerləşən kiçik müəssisə və obyektlər, sənaye müəssisələri müasir texnologiya ilə təchiz edilir, yenidən fəaliyyətə başlayır.

 

"Belə müsbət nəticələr ƏMDK tərəfindən fevralın 27-də keçirilən növbəti hərracda da müşahidə edilib. Sifarişlərin elektron müstəvidə həyata keçirilməsi hərracda investor kütləsini artırmaqla rəqabət yaradıb. Bəzi əmlakların özəlləşdirilməsi zamanı hərraclarda rəqabətin müşahidə olunması buna əyani sübutdur. Budəfəki hərracda Bakının Nəsimi rayonunun Dilarə Əliyeva küçəsində yerləşən qeyri-yaşayış sahəsinin hərracı üzrə təkliflər ard-arda səsləndirilib. Əmlaka 3 nəfər sifariş verib. Həmin obyektin özəlləşdirilməsi ilə bağlı 20 dəqiqə rəqabətli hərrac aparılıb. İnvestorlar arasında sağlam çəkişmə əmlakın qiymətini 3 dəfəyədək artırıb. Belə ki, ilkin start qiyməti 250 min manata olan adı çəkilən obyektə ən son 631 min manat təklif edilib", - deyə məlumatda qeyd olunub. 

 

Qeyri-yaşayış sahələrinin hərracında müşahidə edilən tendensiya nəqliyyat vasitəsinin özəlləşdirilməsində də özünü göstərib. Belə ki, 2 nəfərin sifariş verdiyi VAZ-2106 markalı avtomobilin ilkin start qiyməti 1200 manatdan 1300 manatadək yüksəlib.

 

Qeyd edək ki, budəfəki hərracda özəlləşən 10 dövlət əmlakından 3-ü kiçik dövlət müəssisəsi və obyekti, 3-ü qeyri-yaşayış sahəsi, 1-i iyarımçıq tikili, 3-ü isə nəqliyyat vasitəsidir. Özəlləşən kiçik dövlət müəssisələri müvafiq olaraq Bakı, Şirvan və İmişlidə yerləşir. Bakının Kürdəxanı qəsəbəsində yerləşən 7 saylı iaşə obyekti xidmət sahəsində investorlar üçün yaxşı gəlir gətirə bilər: "Adı çəkilən obyektin ümumi faydalı sahəsi 214 kvadratmetr, torpaq sahəsi isə 250 kvadratmetrdən çoxdur. Əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib. Bundan başqa İmişli rayonunda yerləşən qeyri-yaşayış binası da sahibi üçün əlverişli əmlakdır". 

Ən sərfəli kredit üçün müraciət et

 

Hərracda özəlləşən qeyri-yaşayış sahələri Bakının Nərimanov və Nəsimi rayonlarında, digəri isə Gəncə şəhərində yerləşir. Özəlləşdirilən nəqliyyat vasitələrinin də markaları müxtəlifidir. Avtomobillərin buraxılış tarixləri isə 1989-2005-ci illəri əhatə edir.

 

Qeyd edək ki, özəlləşmə prosesində 8 elektron xidmətin tətbiqi əmlak sahibi olmaq istəyən vətəndaşları, investorları özünə cəlb edir. Prosedurun sadə olması da investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir. Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. İstənilən şəxs hərracda həm iştirakçı qismində qatıla, həmdə ziyarətçi olaraq canlı izləyə bilər.

 

Hərraclarda şəffaflığı artırmaq məqsədilə ictimai nəzarət və səmərəlilik prinsipləri təmin olunur. Ümumilikdə hərracların keçirilmə üsullarının sadələşdirilməsi, prosesə daha optimal yanaşmaların tətbiqi, şəffaflığın təmin olunması investorların cəlb edilməsinə istiqamətlənib.

Ən sərfəli krediti almaq üçün müraciət et