"Tesla" şirkəti tərəfindən hazırlanmış pikap tipli yeni "Cybertruck" ekektromobili üçün artıq 150 minə yaxın sifariş daxil olub.
Şirkətin sahibi İlon Mask Tvitter mikrobloqunda qeyd edib ki, elektromobil üçün artıq 146 min sifariş gəlib.
Noyabrın 22-də Kaliforniyanın Hauthorn şəhərində keçirilən təqdimat mərasimi İ.Maskı pərt edən hadisəylə yadda qalıb. "Tesla"nın rəhbəri təqdimata toplaşan auditoriyaya elektromobilin gülləkeçirməz olduğunu bildirsə də, nümayiş zamanı onun köməkçisinin yaxın məsafədən atdığı dəmir top "Cybertruck"ın pəncərə şüşələrini qırıb.
İ.Mask vəziyyətdən zarafatla çıxmağa çalışaraq deyib: "Maşının hələ təkmilləşdirilməli yerləri var".
Təqdimat zamanı o qeyd edib ki, "Cybertruck" hərəkətə gələrkən 100 km/saat sürəti 3 saniyəyə yığır.
İndiyədək istehsal olunmuş bütün maşınların ənənəvi görünüşündən öz futuristik dizaynı ilə fərqlənən "Cybertruck" təqdimatda alqışlarla qarşılanıb.
Təhlilçilərin təxminlərinə görə, "Cybertruck" elektromobili satışa 2021-ci ilin sonunda çıxarıla bilər.
Bu maşının satış qiymətinin azı 40 min dollar olacağı gözlənilir.
"Cybertruck" avtomobilinin en ucuz modeli maşının batareyaları bir dəfə doldurulduqdan sonra 402 kilometrlik məsafəni qət edə bilir. 70 min dollarlıq model isə bir dəfəyə 804 kilometrlik yol keçə bilir.
Altınəfərlik pikap 1587 kq-dək yük daşıya bilir.
Ted.az