CV-ni cəlbedici edən 5 ən vacib məqam | Banco.az

CV-ni cəlbedici edən 5 ən vacib məqam

Sosial şəbəkədə bir iş elanı görürüsünüz, hansı ki bu sizin xəyalınızdakı işdir. CV göndərmək istəyirsiniz. Amma  əlinizdə  iki il bundan əvvəl hazırladığınız bir  CV var. Nə edəcəksiniz?

CV-in çox yaxşı olması üçün diqqət ediləsi əsas beş məqam var.  Təklif edirəm ki, onlara nəzər yetirək.

1. İlk 30 saniyə ərzində CV-ni oxuyacaq şəxsin diqqətini cəlb edin.

CV işəgötürənin oxuması üçün yazılır. İnsanlar özlərinə maraqlı olduğu şeyləri oxuyar. Hansı ki, diqqətini cəlb etsin, oxuduğu hər bir ifadə ona ləzzət eləsin. Ümumiyyətlə əksər işəgötürənlər  bir CV-yə maksimum 30 saniyə baxır, maraqlı bir şey yoxdursa zibil qutusuna atır.  Bəs 30 saniyə ərzində işəgötürənin diqqətini necə cəlb etmək  olar? Bu  məqamları aşağıda qeyd etmişəm.

Özünüz haqqında bir-iki cümlə. Əslində çoxu bunu öz hobbilərini yazmaq kimi başa düşür. Amma mənim şəxsi fikrimcə əgər hobbinizin işəgötürəndə bir maraq oyatmayacaq düşüncəsindəsinizsə yazmayın.  Bunun əvəzinə, ixtisasınıza uyğun hər hansı bir bacarığınızı yazın.

Məqsədlər və hədəflər. CV-in əvvəlinə öz məqsədinizi və ya hədəfinizi yazın ki, işəgötürən sizin vizyonuzu müəyyən edə bilsin. Məsələn sizin məqsədiniz gələcəkdə bank mütəxəssisi olaraq çalışmaqdırsa, “bank sisteminin inkişafı üçün innovativ məhsullar təqdim etmək, insanların maliyyə yollarına çıxış imkanlarını artırmağı hədəfləyirəm” kimi CV-in əvvəlində ifadə işlədərək qarşınızdakı işəgötürənin sizə qarşı maraq dairəsini artıra bilərsiniz.

Foto.  Sizin CV-dəki şəkil nə qədər rəsmi olsa o qədər yaxşıdır.  Əksər insanlar  bayırda, parkda çəkdiyi şəkili öz CV-də yerləşdirir.  Bilirsiniz, bu qarşınızdakı işəgötürənə hörmətsizlikdir. Yəni artıq həmin işəgötürən sizi şirkətin əməkdaşı kimi təsəvvür edə bilmir.

 

2. Özünüzü problemləri həll edə bilən biri kimi qeyd edin.

Unutmayın hər şirkətdə problemlər olur.  İşəgötürənlərin də bu problemləri həll edəcək əməkdaşlara ehtiyacı var.  Bu səbəblə işin təsvirində şirkətin probleminin nə olduğunu anlamağa çalışın. CV-də həmin problemlər haqqında vurğulayın,  sizin onların problemlərinə kömək ola biləcək biri olduğunu izah edin.

Ən sərfəli kredit üçün müraciət et

Misal olaraq, hər hansı bir iş elanları  saytında  pərakəndə bir şirkətin satış təmsilçisi axtardığını görürsünüz. Deməli burada iki problem mövcuddur

Şirkətin çoxlu məhsulu var ki, bu məhsulların satılması üçün yeni əməkdaşa ehtiyacı var

Potensial müştərilər həmin məhsulları almaya bilərlər.

 

3. Əsas məlumatları digərlərindən fərqləndirin.

CV-də açar sözlər, rəqəmlər işlətməyə əhəmiyyət verin. Çünki siz CV-i elə yazmalısınız ki, həm də işəgötürən yorulmasın.  Bunun üçün ya yazacağınız fikri konkretləşdirin ya da aşağıdakı kimi edərək əsas məqamları fərqləndirin.

  • Mötərizə istifadə edərək yazdığınız məlumatı fərqləndirin.
  • CV-də qeyd etdiyiniz əsas informasiyanın şriftini qalınlaşdırın
  • Ən vacibi ən üstdə qeyd edin.

 

4. Müraciət etdiyiniz vəzifəyə görə CV hazırlayın

Məsələn əgər siz hər hansı bir şirkətdə mühasib kimi işləyəcəksinizə CV-də bütün məlumatları dəqiq  və sadə yollarla qeyd etməyə çalışmalısınız, yox dizayner kimi işləyəcksinizsə  öz kreativliyinizi CV-də də göstərməlisiniz.

 

5. Hər bir iş üçün yeni bir CV hazırlayın

Hər bir şirkət özünün fərqli olduğunu görmək istər. Eyni zamanda da işəgötürən də sizin müraciət etdiyiniz vəzifə üçün vaxt ayırdığınızı, onların şirkətinə dəyər verdiyinizi görmək istəyir.  Bunun üçün CV-i tam dəyişdirməyə ehtiyac yoxdur, sadəcə  işin təsvirindəki bəzi detallardan istifadə edərək, buna  nail ola bilərsiniz. 

Xəzər Aslanov, Banco.az