İnvestAz-ın verdiyi xəbərə istinadən,bu gün maliyyə bazarlarında güclü hərəkətliliyə səbəb ola biləcək iqtisadi göstəricilər gözlənilmir.
Bu gün Asiya sessiyasında qismən hərəkətlilik müşahidə olunsa da, bunu güclü qiymətləndirmək olmaz. Eyni zamanda, bu gün Avropa və Amerika sessiyasında maliyyə bazarlarında da güclü hərəkətliliyə səbəb ola biləcək iqtisadi göstəricilərin açıqlanması gözlənilmir. Beləliklə, cümə günü maliyyə bazarlarında müşahidə olunan tendensiya bu gün də davam edə bilər.
Bazar ertəsi Asiya sessiyasında Yaponiyanın cari əməliyyatlar hesabı ilə bağlı xəbərinin yaxşı açıqlanmasından sonra Yaponiya Yeninin dünya valyuta birjalarında bahalaşdığının şahidi oluruq. Lakin USD/JPY cütlüyünün (Dollar/Yen) qiyməti yalnız 0.3% ucuzlaşmışdır. Bir neçə saatdan sonra isə Çin iqtisadiyyatı ilə bağlı açıqlanan zəif rəqəmlər fonunda dollara olan tələbatın yenidən artması ilə Yaponiya yeninə qarşı təzyiqlər artdı və nəticədə USD/JPY cütlüyü yenidən bahalaşmağa başladı. Çinin gömrük idarəsinin yayımlanan məlumatına görə, ölkənin ixrac və idxalı iyul ayında gözlənildiyindən çox azalıb.
Bazar ertəsi Avropa sessiyasının açılması ilə dolların dünya birjalarında bahalaşması sürətlənmişdir. Belə ki, Eur/Usd və Gbp/Usd cütlükləri Avropa sessiyasının açılması ilə ucuzlaşmağa, Usd/Chf cütlüyü isə bahalaşmağa başlayıb.
Ümumiyyətlə isə dünya valyuta birjalarında valyuta cütlükləri üzrə qiymətlərinin texniki mənzərəsi üzrə təhlil onu göstərir ki, ABŞ dollarının cümə günü bahalaşması bu gün də davam edə bilər. Lakin dolların dünya birjalarında bahalaşması müvəqqəti qiymətləndirilir və yenidə ucuzlaşa biləcəyi gözlənilir.
Belə ki, Dollar indeksi (DXY) cümə günü 95.57 punktdan 96.52 punkta kimi 1% bahalaşdıqdan sonra, 96.10 punkta kimi qismən korreksiya edib. Bu gün Avropa sessiyasında isə yenidən 96.39 punkta kimi bahalaşıb və əlavə olaraq 96.60/70 punkta kimi (0.3%) bahalaşa bilər.